Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

# 13:22
29 aprel 2022

Bakıda polisə silahlı müqavimət göstərilib.

 

Bu barədə APA TV-yə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

 

Xəbərə görə, aprelin 29-na keçən gecə saat 02.50 radələrində Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə Maştağa qəsəbəsində yerləşən kafelərin birində münaqişə olması barədə daxil olmuş məlumat əsasında polis əməkdaşları hadisə yerinə gediblər. Orada kafeni işlədən Ləman Heydərova Teymur adlı şəxsin sərxoş vəziyyətdə bıçaqla onları hədələyərək 1000 manat pul tələb etdiyini, kafenin şüşələrini sındırdığını, işçilərdən birinə bıçaqla xəsarət yetirərək oranı tərk etdiyini bildirib.

 

Dərhal həmin şəxsin saxlanılması üçün axtarış tədbirlərinə başlanılıb, qısa zaman ərzində onun yeri aşkar edilib. Polis əməkdaşları ona yaxınlaşdıqda həmin şəxs bıçaqla onlara hücum edib xəsarət yetirməyə cəhd göstərərkən xidməti avtopatrul maşınını zədələyib. Belə olduqda polis əməkdaşları tabel silahından havaya 2 dəfə xəbərdarlıq atəşi açıb.

 

Buna baxmayaraq o, silahlı müqavimətini davam etdirdiyindən polis onun ayaq nahiyəsinə atəş açıb zərərsizləşdirərək yaxalayıb.

 

Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək yaxınlıqdakı xəstəxanaya yerləşdiriblər.

Müəyyən edilib ki, həmin şəxs 49 yaşlı əvvəllər 3 dəfə məhkum olunmuş Maştağa qəsəbə sakini Teymur Yolçuyevdir.

 

Hazırda onun vəziyyəti qənaətbəxşdir, həyatına təhlükə yoxdur.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR