Prezidentin Dünya İqtisadi Forumunda iştirakı hansı yeniliklərdən xəbər verir?
Hazırda dünyanın gözü İsveçrədədir. Ölkənin Davos şəhərində ənənəvi Dünya İqtisadi Forumu keçirilir. Dövlət və özəl sektor əməkdaşlığı üzrə beynəlxalq təşkilat olan və 1974-cü ildən sonra demək olar hər il baş tutan bu forumda indi "Parçalanmış dünyada əməkdaşlıq" mövzusu müzakirə edilir.
Beynəlxalq problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatı ilə bağlı önəmli qərarların verildiyi Foruma ölkə başçısı İlham Əliyevin növbəti dəfə dəvət olunması Azərbaycanın, eləcə də ölkə prezidentinin dünyadakı yüksək nüfuzunun daha bir göstəricisidir. Bu, Azərbaycan Prezidentinin İsveçrə Konfederasiyasına sayca 19-cu səfəridir. Bunlardan biri rəsmi, digərləri isə işgüzar səfərlər olub. Bu ilki foruma dünyanın 130 ölkəsindən rekord sayda - 2700-dən artıq tanınmış şəxs, habelə 52 dövlət-hökumət başçısı qatılacaq.
“Azərbaycan Prezidenti İlham Əliyevə dünyada etimad var. Bununla bağlı bütün ölkələr çalışırlar ki, Azərbaycanla əlaqələrini inkişaf etdirsinlər”.
Bunu kanalımıza deputat Ceyhun Məmmədov deyib. O əlavə edib ki, həyata keçirilən siyasi-iqtisadi əlaqələr nəticəsində Azərbaycanın nüfuzu günü gündən artmaqdadır.
Azərbaycanın belə bir möhtəşəm və yüksəksəviyyəli tədbirə dəvət alması ilə bağlı fikirlərini bildirən politoloq Zaur Məmmədov bildirib ki, forumun əsas mahiyyəti gələcəkdə yenidən formalaşdırılacaq dünya iqtisadiyyatı ilə bağlı olsa da, burada siyasi əlaqələrin güclənməsindən danışılmalıdır. O əlavə edib ki, Azərbaycanın bu kimi layihələrdə iştirakı böyük şirkətlərin Azərbaycana, xüsusən də işğaldan azad edilmiş ərazilərimizə sərmayə yatırımlarına səbəb ola bilər.
Azərbaycan Prezidentinin forumda keçirdiyi danışıqlar barədə də fikir bildirən politoloq qeyd edib ki, bu ölkəmizin həm beynəlxalq nüfuzunun, həm də Azərbaycana beynəlxalq dəstəyin artmasına səbəb olacaq.