Qaxda dağlar qoynunda, sıx meşənin dərinliyində gizlənən möcüzə

# 15:31
8 avqust 2022

Qax rayonu tarixi abidələri ilə yanaşı həm də təbiətin yaratdığı irili-xırdalı dağ şəlalələri ilə tanınır.

APA TV-nin yerli bürosu xəbər verir ki, rayonda əsasən təbiət abidəsi kimi tanınan iki böyük şəlalə mövcuddur. Bunlardan biri rayonun İlisu kəndi yaxınlığında yüksək dağlıq ərazidə yerləşən məşhur Ramramay şəlaləsi, digəri isə rayonun Ləkit kəndinin şimalında dağlıq və sıx meşəlik ərazidə yerləşən məşhur Mamırlı şəlalədir.

Yolumuz Mamırlı şəlaləsinədir. Bu füsunkar gözəlliyi görmək üçün xeyli məsafədə daş-kəsəkli yollar qət  etmək lazım gəlir. Elə yolumuza çıxan ilk sakin də şəlaləyə gedən yolun təmir edilməsini istədiklərini dilə gətirdi.

Elə ki, şəlaləyə çatırsan sanki başqa bir aləmə düşürsən. Milli musiqi alətlərində ifa edə bilən yerli sakinlər bir araya gələrək şəlaləyə gələn turistlərin əhval-ruhiyyəsini qaldırmaq üçün milli musiqilər səsləndirir, mahnılar oxuyur rəqslər edirlər.

Mamırlı şəlaləsi sıx meşənin dərinliyində, Ləkit çayının sağ sahilində yerləşir. Şəlalənin hündürlüyü 10 metrdən yuxarı, eni isə 30 metrə yaxındır.  Şələlə sıx meşəlik ərazidə yerləşdiyindən qayalardan yüz illər boyu süzülərək axan su şəlalənin ərazisində yaşıl mamırın bitməsinə səbəb olub. Mamır qayaları elə örtüb ki, sanki qayaların üzərinə yaşıl xalı sərilib. 

Qayalardan süzülüb gələn suyun şırıltısı, ətrafa sıçrayan su damcıları insana xoş əhval-ruhiyyə bəxş edir. Bura gələn turistlər şəlalənin altında, qayalıqların üzərində şəkil çəkdirməyi çox xoşlayırlar.

Qeyd edək ki, Mamırlı şəlaləsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2006-cı il tarixli 190 saylı qərarı ilə Qax Təbiət Abidəsi kimi qeydiyyata alınıb və dövlət tərəfindən mühafizə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR