Qaxda üç əsrə şahidlik edən körpünün təmirə ehtiyacı var - APA TV
Qax rayonu ərazisində üç əsrdən artıq tarixə şahidlik edən Ulu körpünün əsaslı təmirə ehtiyacı var.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Ötən əsrin 80-ci illərinin sonuna kimi İlisu və Sarıbaş kəndlərinə gediş-gəliş üçün ancaq bu körpüdən istifadə edilib. Ötən əsrin 80-ci illərin sonunda Ulu körpünün yanında yeni, müasir körpü tikilərək istifadəyə verilib. Lakin bugünkü nəsillər, eləcə də rayona gələn turistlər bu nadir abidəni seyr etməklə onun üzərindən keçib getmək imkanına malikdirlər.
Ttarixi-memarlıq abidəsi İlisu sultanlığı dövründə, II Əli Sultan paşanın hakimiyyətdə olduğu (1695-1732) illərdə, onun göstərişi ilə sultanlığın mərkəzi hesab edilən İlisu kəndinə gedən yolda, Kürmük çayının üzərində salınıb və körpünün tikintisi üçün olduqca əlverişli bir yer seçilib. Kənd ağsaqqallarının deyir ki, körpü el sənətkarı usta Ömər tərəfindən inşa edilib. Deyilənlərə görə, çar Rusiyasının qoşunları İlisuya hücum edərkən sonuncu İlisu hakimi Danyal Sultan Ulu körpünü dağıtmaq istəsə də sonradan fikrindən daşınıb.
Şıltaq dağ çayının gətirdiyi coşqun sellərə mərdliklə sinə gərən bu körpü çayın yatağının daraldığı yerdə, sal qayalar üzərində çay daşı, əhəng məhlulu, bişmiş kərpic və yumurta sarısından istifadə etməklə inşa edilib.
Körpünün gündoğana yönəlmiş fasadında tağbəndin əyrisi çayın axarı istiqamətində çəpinə kəsilərək bir qədər yumurlanmış forma alıb. Həmin zonada tağbənd həm dərinliyi istiqamətində, həm də aşırım boyunca ikiqat əyriliyə malikdir. Bu növ konstruksiyaların yüksək möhkəmliyi elmi cəhətdən də sübut olunub.
Körpünün yan divarları daşdandır. Burada müxtəlif dövrlərdə aparılmış təmir işlərinin izləri aydın görünür. Kərpic tağbəndin üzərində kəsmə çay daşından səliqə ilə hörülmüş divarın qalıqları nəzərə çarpır. Gələcək nəsillər üçün qorunması məqsədi ilə körpünün təmirə ehtiyacı var.
Hazırda Ulu körpü tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV