Rusiya ilə quru sərhədlər açılır? - Rus səfir açıqladı

# 18:49
30 mart 2022

“Tərəvəzlərin ixracına qoyulan qadağalar artıq ləğv edilib”.

 

Bunu Rusiyanın Azərbaycan­dakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib. O əlavə edib ki, Azər­baycan tərəfi qarşılıqlı inkişaf üçün çox münbit şərait yaradıb. Ölkələr arasındakı iqtisadi əlaqələrdən danışan diplomat onu da qeyd edib ki, Azərbaycana bəzi qida məhsulları üzrə ixrac qadağası müvəqqətidir.

 

“Qarşılıqlı milli valyuta ilə ödənişlər mümkün olacaq. Bu, Moskva Bəyannaməsində də öz əksini tapıb. Rusiyadan Azərbaycana bəzi qida məhsulları üzrə ixrac qadağası müvəqqətidir və bir neçə aya bu qadağa aradan qaldırılacaq. Tərəvəzlərin ixracına qoyulan qadağalar artıq ləğv edilib və Rusiya ilə Azərbaycan arasında aviareyslər bərpa olunur. Biz Azərbaycandan xahiş etdik ki, Rusiya aviaşirkətləri uçuş həyata keçirə bilsinlər”.

 

Səfir Boçarnikov turizm sahəsindən də danışıb. O bildirib ki, Azərbaycan hər zaman rus turistlərin diqqət mərkəzində olub. “Artıq quru sərhədlərini açmaq lazımdır. Bununla daha çox turist səfər edəcək”, - deyə diplomat qeyd edib.

 

Səfir ölkələrimiz arasında rəqəmsal innovasiya sahəsində də sənədlər imzalandığını qeyd edib. O bildirib ki, elm sahəsində də Rusiya və Azərbaycan birlikdə önəmli addımlar atacaq.

 

Moskva-Bakı-İrəvan münasibətləri barədə də mövqe bildirən səfir vurğulayıb ki, Rusiya Azərbaycan və Ermənistanın sülh danışıqlarına başlamasına dəstək verməyə hazırdır.

 

“Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün uyğun şərait yaradılmalıdır. Rusiya Azərbaycanla Ermənistanın sülh danışıqlarına başlamasına hər zaman dəstək verməyə hazırdır. Rusiya sülh danışıqlarına başlamaqla bağlı təklif irəli sürüb”.

 

Səfir bildirib ki, sosial şəbəkələrdə Qarabağdakı sülhməramlıların Ukrayna göndərildiyi və orda öldürülmələri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. “Sülhməramlılar Qarabağdadır və Ukraynaya göndərilməyib”, - deyə, Mixail Boçarnikov vurğulayıb.

 

Rusiya dövlət Dumasının deputatı Mixail Delyaqinin Bakıya bomba atılması ilə bağlı təklifinə də münasibət bildirən səfir bu açıqlanı yolverilməz saydıqlarını bildirib.

 

“Rusiya hökuməti yuxarıda adıçəkilən deputatın açıqlamasını qınayıb və üzr istənilib. Rusiyanın Azərbaycanla əlaqələri möhtəşəmdir. Azərbaycanla Rusiya müstəqillik sınağından uğurla çıxıblar. O diqqətə çatdırıb ki, 30 ildə Azərbaycanla Rusiya arasında ticari-iqtisadi əlaqələr, eyni zamanda regional əlaqələr çox inkişaf edib”.

 

Səfir qeyd edib ki, 2014-cü ildə Ukraynada baş verən dövlət çevrilişi hazırkı hadisələrin başlamasına təkan olub. Səfir ölkəsinin Ukraynada xüsusi hərbi əməliyyatlara Donbasda xalqın təhlükəsizliyini təmin etmək, nasizmin qarşısını almaq, rus dilini qorumaq və Ukraynanın NATO-ya daxil olmasının qarşısını almaq üçün başladığını vurğulayıb. O, Ukrayna ilə aparılan danışıqlara da toxunub və münaqişənin danışıqlar yolu ilə həll oluna biləcəyini deyib.

 

Rusiyanın Avropaya qaz satışı məsələsinə də toxunan səfir G7 ölkələrinin Rusiya qazını rublla almayacaqlarını bildirib. Əlavə edib ki, bu, Qərbin ABŞ-ın diktəsi ilə hərəkət etdiyinə nümunədir və Vaşinqton qorxur ki, dünya bazarında dolları məhz rubl sıxışdıracaq. “SWIFT-in məlumatına görə, dolların 38,8 faiz azalması var”, - deyə Boçarnikov vurğulayıb.

 

Fuad Sadıqov,

Kamran Namazov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR