Rusiya Ordusu Luqansk vilayətinin 2 kəndini ələ keçirib, teleqüllə partladılıb

# 11:31
24 fevral 2022

Ukraynaya hücum bir neçə istiqamətdən eyni vaxtda başladılıb.

 

APA TV-nin xəbərinə görə bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilib.

 

Qeyd olunub ki, səhər saat 5 radələrində Rusiya qoşunları Rusiya və Belarus sərhədindən, eləcə də Krım Muxtar Respublikası istiqamətindən hücuma keçib.

 

Hücumların Ukraynanın şimal və şərq sərhədinə yaxın ərazilər olan Luqansk, Sumı, Xarkov, Çerniqov, Jitomir şəhərlərində həyata keçirildiyi bildirilib. Məlumata görə, Ukraynanın sərhəd bölmələri, sərhəd patrulları və gömrük-buraxılış məntəqələri top atəşinə tutulurlar. Məlumatda qeyd olunub ki, vəziyyətdən asılı olaraq Ukraynanın Silahlı Qüvvələri və Milli Qvardiyası cavab atəşi açır.

 

Ukrayna Fövqəladə Hallar Nazirliyi isə Rusiya Ordusunun Luqansk vilayətin 2 kəndini – Qorodişe və Melovoeni ələ keçirdiyini, Lutsk şəhərində teleqüllənin isə partladıldığını açıqlayıb.

 

Eyni zamanda Xmelnitski, Dnepropetrovsk, Kiyev vilayətlərində hərbi hissə və anbarlarda partlayışlar olub, yanğın başlayıb.

 

Həmçinin Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus 5 hərbi təyyarənin və bir helikopterin vurulduğunu açıqlayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat paylaşıb.

 

Lakin TASS Agentliyinin xəbərinə görə, Rusiya Ordusu bu məlumatı təkzib edib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR