Şamaxıda uçqun tipli sürüşmə olub, yeni çəkilən yol dağılıb

# 15:08
13 yanvar 2022

Şamaxı rayonunda Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda uçqun tipli torpaq sürüşməsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon mərkəzindən 22 kilometr aralı məsafədə yerləşən bu yolda baş verən sürüşmə nəticəsində təhlükəli vəziyyət yaranıb.

 

2020-ci ilin əvvəllərində yenidən qurularaq istifadəyə verilən və uzunluğu 16 kilometr olan Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunun bir neçə hissəsi dağılıb, asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib. Ən çox sürüşmə yolun 6-8-ci kilometrliyində qeydə alınıb. 8-ci kilometrlikdə yolun bir hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, 3 metr dərinliyində iri çuxur yaranıb. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq iri qabarmalar əmələ gəlib ki, bu da sürücülər üçün təhlükə yaradır.

 

Əsasən də dumanlı havada və axşam saatlarında yoldan istifadə edən sürücülər çətinliklə üzləşirlər. Digər tərəfdən, sürüşmə ərazisində təhlükədən xəbər verən yol nişanlarının olmaması da sürücülərin qəza törətməsinə səbəb olur.

 

Dörd kəndi birləşdirən və turizm əhəmiyyətli bu yolda ilk dəfədir ki, torpaq sürüşməsi baş verib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşları  da avtomobil yolundakı vəziyyətlə bağlı əraziyə baş çəkiblər. Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib ki, Bu, sürüşmə deyil, sadəcə uçma prosesidir və hadisə nəticəsində asfalt örtüyünə ciddi ziyan dəyməyib.

 

Şahnəzər Bəşirov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR