Sarıbabanın strateji əhəmiyyəti: Hər tərəf ayağımızın altındadır - GÖRÜNTÜLƏR

# 20:56
22 avqust 2022

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Laçın rayonu ərazisində yerləşən Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu, Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətimizə keçdi. Bu yüksəkliklərin strateji əhəmiyyəti nədir? Orada yerləşdirilən hərbi birliklərimizin təminatı necədir? Suallarımıza cavab tapmaq üçün bu dəfə Laçına yollandıq.

Az qala hər daşın altından qaynayan bulaqlar, sıx meşələr, təmiz hava, bir sözlə, təbiət gözəlliyi bizi valeh etsə də, yol yorğunluğumuzu unutdursa da, hər kənddə dağıdılmış evlər görəndə məyus olurduq.

N saylı hərbi hissəsinin çəkiliş qrupumuz üçün ayırdığı avtomobillə Sarıbabaya yollandıq. Dəniz səviyyəsindən 2334 m hündürlüyə. “Qisas” əməliyyatından sonra nəzarətimizə keçən Sarıbaba, Qırxqız, Üşdığ və digər yüksəkliklərə gedən yollar hazırda mühəndis qoşunları tərəfindən abadlaşdırılır.

““Qisas” əməliyyatından sonra Laçın rayonunda nəzarətə götürülmüş Qarabağ silsiləsi, Sarıbaba dağı və ona yaxın hakim yüksəkliklər olan ərazilərdəyik. Gördüyünüz kimi mövqelərimizin irəlilədiyi ərazilərdə mühəndis qoşunları əlaqə yollarının abadlaşdırılması işləri aparılır. Eyni zamanda həmin yollarla lazım olan məhsulların daşınması üçün qışa hazırlıq tədbirləri də görülməkdədir.”  

Gəlib çıxırıq dəqiqləşdirmə nəticəsində nəzarətə götürülən mövqelərdən birinə. Əsgəri­miz düşmənin istənilən qeyri-qanuni hərəkətinə cavab vermək üçün əli tətikdə, ayıq-sayıq dayanıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilmiş ərazilərdə hərbi qulluqçuların hərtərəfli təminatı, onların sosial məişət şəraitinin yaxşılaşdırılması üçün müasir avadanlıqlarla təcsiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli yerləşmə məntəqələrinin qısa müddət içərisində hərbi qulluqçularımıza təhvil verildiyinin də şahidi olduq.

Bir az kənarda isə ordumuzun mühəndis istehkamçıları tərəfindən aşkar edilmiş minaların toplandığını gördük. Hərbçilərimizin verdiyi məlumata görə, bu minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib və utilizasiya üçün toplanıb. O da bildirildi ki, bunlar piyada əleyhinə minalardır və hamısı Vətən müharibəsindən sonra Ermənistanda istehsal olunub.

Hakim yüksəklikdə yerləşən başqa bir müşahidə məntəqəsindəyik. Bizi maraqlandıran əsas nüanslardan biri də hərbçilərimizin təhlükəsizliyidir. Gördüyünüz metal səbətlər mühafizə üçündür. Bu səbətlərə daş və qum doldurulur, müşahidə məntəqələri və atəş sektorları düzəldilir ki, bu da düşmənin hərəkətini izləmək üçün xüsusi imkan yaradır.

Sarıbaba dağı və ona yaxın hakim yüksəkliklərin strateji əhəmiyyətinə gəlincə isə buradan Laçın dəhlizinin bir hissəsi, Laçın şəhərinin və Laçındakı meşəliklərin bir hissəsi, Xankəndinin Kərkicahan kəndi çox rahatlıqla müşahidə olunur.

“Nəhayət ki, gəlib Sarıbaba dağına çatdıq. Bu yüksəklikdə yerləşən postlarımızın nəzarəti altında olan məntəqələri göstərmək istəyirəm. Bizdə arxa tərəfdə xarabalıqları qalmış Xırmanlar kəndidir. Gördüyünüz kimi uzaqda tüstü müşahidə olunur. Bu tüstü qanunsuz olaraq Laçında yerləşən ermənilərin Laçın meşələrinə və Laçındakı evlərə vurduqları alovun, odun tüstüsüdür. Bu da bu dağlardan aydın şəkildə görünür”

Qarşı tərəfdə gördüyünüz bu ərazi isə Laçın dəhlizinin bir hissəsidir. Onu da qeyd etmək yerinə düşər ki, Sarıbaba Laçın dəhlizindən 2 km aralıda, Laçın-Şuşa yolunun üzərində yerləşir və Ağdam, Şuşa, Laçın, Kəlbəcər, Ermənistanın Sisian adlandırdığı Qarakilsə rayonu, Qafan kimi mərkəzlərə birbaşa və ya dağ yolları ilə keçən ənənəvi xətlərin mərkəzində yer alır. Bu yüksəklik Laçın – Şuşa yolunu və cənub cəbhəsini tam, şərq və şimal cəbhəsini qismən nəzarətdə saxlamağa imkan yaradır.

Sarıbabada cəmləşən zərbə dəstələri terrorçuların hərbi xarakterli cəzalandırılmasına və gələcəyə yönəlik bütün hərbi-coğrafi üstünlükləri əldə saxlamağa, Şuşanın təhlükəsizliyini təmin etməyə tam imkan verir.

Növbəti səfərimiz isə Qırxqız yüksəklyinə olacaq. Bizi izləməyi unutmayın.

 

Fuad Sadıqov

Fariz Quluyev

APA TV

Laçın

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR