Şəhid olandan 44 gün sonra nəşi tapılan qəhrəman

# 12:17
10 yanvar 2022

Osmanov Əyyub Azər oğlu 1995-ci ildə Ağdaşın Şıxlı kəndində dünyaya göz açıb. İki bacının bir qardaşı olan Əyyub 2017-ci ildə hərbi xidmətə çağırılıb. Qusarda yerləşən “N” saylı hərbi hissədə xidmət edən əsgər Osmanov hərbi texnikanın sirlərinə tez və mükəmməl dərəcədə yiyələnməklə yanaşı, hərbi nəqliyyat vasitələrinin idarə olunmasında da bacarıqlı olub. Elə bu bacarığına görə daim yüksək rütbəli zabitlər əməliyyata gedərkən onu da öz yanlarında aparar, səriştəsindən yararlanmağa çalışardılar.

 

Xidmətini uğurla başa vurduqdan sonra isə doğma el-obasına, Ağdaşa dönüb. 2020-in sentyabrında İkinci Qarabağ müharibəsi başlayanda Əyyub da ailəsindən xəbərsiz, könüllü şəkildə səngərlərə, Vətənin müdafiəsinə yollanıb. Sentyabrın 30-u rayon hərbi komissarlığından yola düşən Əyyubun ilk döyüşü Murovdağ istiqamətində olub. Hərbi xidmətdə olduğu kimi, müharibədə də sürücü kimi fəaliyyət göstərməyə başlayıb. Murovdağdan sonra Cəbrayıl, Zəngilan, sonda isə Qubadlının işğaldan azad edilməsi uğrunda gedən haqq savaşında iştirak edib. Noyabrın 3-də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

 

 
Şəhidimizin nəşi bir müddət neytral ərazidə qalıb. Yalnız dekabrın 17 -də doğulduğu Ağdaş rayonunun Şıxlı kəndinə gətirilərək torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Şahnəzər Bəşirov

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR