Şəkidə evdə yanğın: 4 nəfər xəsarət aldı, 1 avtomobil külə döndü

# 18:53
3 sentyabr 2022

Şəkidə bir gecədə iki yanğın hadisəsi baş verib.

APA TV-nin məlumatına görə, yanğınlardan biri rayonun Baş Zəyzid kəndində, İlqar Balaməmədova məxsus fərdi yaşayış evində baş verib. Yanğın genişlənərək evə bitişik köməkçi tikiliyə və yaxınlıqda olan mal tövləsinə də keçib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə, köməkçi tikilinin yanar konstruksiyaları və tikilinin altında olan “VAZ - 2106” markalı minik avtomobilinin yanar konstruksiyaları, mal tövləsinin yanar konstruksiyaları və tövlənin damına yığılmış 4 ton quru ot kütləsi yanıb.

Yanğının söndürülməsi üçün əraziyə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib.

Evdə baş verən yanğın zamanı 1986-cı il təvəllüdlü Pərviz Əliyev və 1966-cı il təvəllüdlü Kəmalə Əliyeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Daha iki nəfər, 1964-cü il təvəllüdlü Mahizər Balaməmmədova və 1971-cü il təvəllüdlü Qurban Mehdiyev qorxudan isterik vəziyyətə düşüblər. Xəsarət alanların dördü də Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanlardan Kəmalə Əliyevanın müalicəsi xəstəxanada davam etdirilir. Digərlərinin vəziyyəti yüngül olduğundan onlar müayinə edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Yanğın zamanı həmçinin mal tövləsində olan 6 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub. 

Digər yanğın isə rayonun Vərəzət kəndində, Əkrəm Əliyevin yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində baş verib. Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və damına yığılmış 5 ton quru ot kütləsi yanıb. Yanğın zamanı 2 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Hər iki faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR