SEPAH-ın polkovniki səfirliyimizə hücum planından danışıb
Azərbaycanın İrandakı səfirliyinə edilmiş terror hücumunun təsadüfi baş vermədiyi ilə bağlı faktlar ortaya çıxmaqdadır. Bu, hücumun əvvəlcədən planlaşdırıldığını bir daha təsdiqləməkdədir. Hələ bir neçə ay əvvəl SEPAH-ın Qüds bölməsinin rəhbərlərindən biri, polkovnik Həbib Babayi Ermənistandan yayımlanan, fəaliyyəti Azərbaycanda milli etnik zəmində qarşıdurma və təxribatlar üzərində qurulmuş internet tv-də separatçı Zabil Məhərrəmova müsahibəsində naxçıvanlı sürücülərə, eləcə də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktları planlaşdırdıqları barədə danışaraq hücumların anonsunu verib.
Həbib Babayinin anonsunu verdiyi terror aktı yanvarın 27-də həyata keçirilib. Bu kimi faktlar bir daha göstərir ki, yanvarın 27-də Azərbaycan səfirliyinə edilən xain terror hücumu əvvəldən xüsusi planla hazırlanıb, İran rəsmilərinin insidentin ailə-məişət zəminində baş verdiyini vurğulaması, hadisənin motivini dəyişməyə çalışması əsassızdır.
Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücum nəticəsində səfirliyin bir əməkdaşı şəhid olub, ikisi yaralanıb. Hadisəni törədən şəxs tutulub.