Şərqdəki ilk demokratik dövlət bu binadan idarə edilib

# 22:15
28 may 2022

28 May-Müstəqillik günü. Düz 104 il bundan öncə, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik cümhuriyyət, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Tiflisdə elan edilsə də, Milli şura bir müddət sonra Gəncəyə köçürüldü. Elə ilk demokratik dövlətin ən məhsuldar dövrü də məhz bu şəhərlə bağlıdır.

Gəncə dövrü 23 aylıq bir tarixin önəmli hissəsidir. Gəncənin seçilməsinin səbəbi isə artıq həmin dövrdə şəhərin milli ziyalıların, milli burjuaziyanın mərkəz nöqtəsinə çevrilməsi idi.

Azərbaycan dilinin dövlət dili elan olunması, vətəndaşlıq haqqında qanun, dövlətin rəmzləri, dövlətin bayrağı, nizamlı ordu quruculuğu və daha onlarla mühüm qanun aktları məhz Gəncədə qəbul olunub. Qısa bir müddətdə demokratik dövlət quruculuğu yüksək hüquqi biliklər tələb edirdi. Hansı ki, həmin dövrdə Cümhuriyyət fədailəri arasında onlar mövcud idi və bir amala xidmət edirdi. Yüksək hüquq təhsili görmüş şəxslər arasında hökumətin baş naziri olmuş Fətəli xan Xoyski və onun qardaşları da var idi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında əvəzsiz xidmətləri olan şəxslərin əksəriyyəti məhz Gəncəli idi. Həsən Bəy Ağayev, Xudat Bəy Rəfibəyli, Nəsib Bəy Yusifbəyli, Fətəli Xan Xoyski və Xəlil Bəy Xasməmmədov. Azərbaycan Xalq Cümhuriyyəti muzeyində bu insanların dövlət qulluğundakı fəaliyyəti və həmin dövrdən qalan digər dəyərli eksponatlar bu gün də qorunub, saxlanır.

O zamanlar çox çətin tarixi şəraitdə yaranmış milli hökumətin qarşısında duran ən böyük vəzifə Bakını işğalçılardan azad etmək, bütün ölkə ərazisində Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətini bərqərar etmək idi. Elə buna görə də. Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusu ölkəmizə köməyə göndərilir.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Ama buna baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Fuad Nazimoğlu, Mehdi Məmmədov APA TV Gəncə

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR