Şirvan şəhərində it sürüləri yoldan keçənlərə hücum edir, nə etməli?

# 13:09
10 sentyabr 2021

Şirvan küçələrində vəziyyət o dərəcəyə gəlib çatıb ki, hətta günün günorta çağında küçələrdə gəzən it sürülərinə rast gəlinir. Özü də şəhərin mərkəzi küçə və parklarında, məktəb  və uşaq bağçalarının yaxınlığında.

Şirvan sakini Mehman Şirəliyev deyir ki, uşaqlar məktəbə gedə bilmir: “Burda orta məktəb var. 2 uşaq gedəndə arxasıyla 6-7 it sürsü gedir. Uşaqlar əsasən də qız uşaqları qorxurlar. Qorxudan xəstəlik yaranar uşaqlarda. Bir faktı deyim elə yarım saat əvvəl bir xanım bazarlıq etmişdi. Dayanıb dincini alırdı, iti yanından qova bilmirdi. İtlər burda sürü ilə gəzirlər, itləri kəndlərdən gətirib burda azdırırlar. Onlar da balalayıb artırlar.”

Parklarda asudə gəzən itlərin hücumuna məruz qalan azyaşlılar da itlərin çoxluğundan qorxurlar.

- Küçələrdə itlər çoxdu. Oynaya bilmirik. Hücum etməsələr də qorxuruq. Marketdən gəlirdik iki itdən qorxduq.  Kənardan getdik.

- Qardaşımın üstünə cumub.

- Ayağımı dişləmişdi, göstərə də bilərəm.

Sakinlər bildirir ki, onları qorxudan yalnız bu itlərin hücum etməsi ehtimalı deyil, həm də  sürülərdəki xəstə itlərin xəstəlik yayma təhlükəsidir. Çünkü bu itlər günün istənilən saatlarında parklarda və digər ictimai yerlərdə azad şəkildə dolaşır. Ancaq bu məsələ sakinlərdən başqa heç bir qurumu narahat etmir.

- Sürü halında gəzirlər. Onlar haqqında heç bir tədbir görülümür. Onları aparıb bir yerdə yerləşdirsinlər, tədbir görsünlər, sığınacaq tiksinlər ki, itlər küçələrdən yığışsınlar.

- Şirvanda itlərə aid qayğı mərkəzi yaradılmalıdı. Aşısı vurulub, qısırlaşdırıb sonra şəhərə buraxılmalıdırlar. Elə olsa daha yaxşı olar. Şəxsən həm qorxuram,həm də it saxlayanam. İtlər heyvandı, dostdu, onlar yemək verib qayğı göstərsən daha yaxşı olar.

Məsələ ilə bağlı Şirvan kommunal kombinatı müəssisəsi ilə əlaqə saxladıq. Müəssisənin müdiri Dadaş Fərzəliyev bildirdi ki, idarədə məsələnin həlli ilə məşğul olacaq hər hansı bir ştat nəzərdə tutulmayıb və bu işlərin görülməsinə maliyyə vəsaiti ayrılmır: “Bizdə itlərin saxlanması üçün xüsusi yerlərin-sığınacaqların olmadığına görə, biz çalışırıq ki, onları şəhərin ərazisindən uzaqlaşdıraq. Qaradağ rayonunda belə sığınacaqlar yaradılıb. Çalışırıq onlarla əlaqə yaradıb onların təcrübəsindən yararlanaq. Gələcəkdə biz də xüsusi sığınacaqların yaradılması və  xüsusi texnikaların alınması üçün müraciət edəcəyik”.

Heyvanların məhv edilməsi həm beynəlxalq konvensiyalarla qadağan edilib, həm də heyvanlara humanist yanaşmadan uzaq hərəkətdir. Çıxış yolu itlərin xüsusi sığınacaqlara yerləşdirilməsidir.

 

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR