Şirvanda Vətən Müharibəsi şəhidinə büst qoyulub
Şirvanda şəhid Nicat Hüseynovun ad günündə büstünün açılış mərasimi olub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, şirvanlılar 44 günlük Vətən Müharibəsində qanı ilə dastan yazan Nicat Hüseynovun doğum gününü onun məzarı başında qeyd ediblər.
Daha sonra Nicatın mühafizəçi kimi çalışdığı Müdafiə Sənayesi Nazirliyinin zavodunda şəhidə qoyulan büstün açılışı olub. Şəhidin anası Zümrüd Hüseynova zavodun kollektivinə təşəkkürünü bildirib.
Nicat Hüseynovun xatirəsinə Şirvan parkının girişində də xatirə portreti qoyulub. Açılış mərasimində şəhidin yaxınları, dostları, müəllimləri ürək sözlərini deyib, şagirdlər şəhidə həsr olunan şeirləri söyləyiblər.
Anası Zümrüd Hüseynova deyir ki, Nicat 44 günlük müharibədə canı və qanı ilə dastan yazanlardandır: “Nicat Azərbaycanın qəhrəman oğludur. 44 günlük müharibənin həm acısını və həm də qələbəsini daddıq. Şəhidlik bir uca zirvədir, amma bunu analar üçün demək çox çətindir. Nicat evin tək oğlu, iki bacının bir qardaşı idi. Bacısının doğum günündə, 10 ildən sonra olma bir uşaq idi. Atası təzə rəhmətə getmişdi. Yalvardım ki, Nicat məni tək qoyma möhlət alaq. Qulaq asmadı, könüllü döyüşə getdi və şəhid oldu”.
Qeyd edək ki, Nicat Hüseynov oktyabrın 7-də şəhid olub, oktyabrın 11-də Şirvanda, Şəhidlər Xiyabanında dəfn edilib. Nicat Ziyafət oğlu Hüseynov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!
Əlibəy Zeynallı,
Elçin Həsənov,
APA TV
DİGƏR XƏBƏRLƏR

Erməni deputatlar Laçınla bağlı layihədən imtina etdilər

Naxçıvanda bayram axşamı kütləvi zəhərlənmə / “APA XƏBƏR” - 15:00

Sabah hava dəyişəcək
