Şuşaya sarı - Bu bizim evdir

# 21:13
18 avqust 2021

“Qaqa, gözümə yuxu getmir”. – Bir neçə saat sonra birlikdə səfərə çıxacağımız Şamil “Whatsapp”dan yazır.

 

“Elə mənim də. Bəlkə çıxaq yavaş-yavaş? Maşınla şəhəri hərlənərik, o vaxta uşaqlar da gələr”. – Cavab yazıram.

 

İkimiz də həyəcanlıyıq. Amma mənim həyəcanım hardasa başa düşüləndir, buna adətən “çamadan ovqatı” deyirlər. Səfərqabağı əksər insanlarda olur, yata bilmirlər. Məndə də elədi. Onun həyəcanı isə...

 

“Bayaqdan nə qədər ağlamışam. Fikirləşəndə ki, Şuşaya gedirəm, qəhər məni boğur”.

 

Bəli, səfərimiz Şuşayadır. Şair demiş, istili, bürkülü bir yay axşamı, dörd yoldaş olub yola düzələcəyik: mən, operatorumuz Faiq, fotoqrafımız İlkin, bir də Şamil. “Zəfərin izi ilə” layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin demək olar hamısında olmuşuq. Bircə Şuşa qalıb, 44 günlük Vətən Müharibəmizin zirvəsi. Gecə saat birdə görüşüb Şuşaya çıxacağımızı öyrənəndən hamımızı həyəcan və sevinc bürüyüb.

 

Qarışıq duyğular içindəyik. Şamil isə... pərişandır.

 

O, biz səfər yoldaşlarından fərqli olaraq şuşalıdır. 1992-ci ildə, 4 yaşı olanda çıxıb Şuşadan. 29 il sonra yenidən doğulduğu yerlərə qayıdır.

 

“Şuşaya gecə getməyimizin bir maraqlı cəhəti bilirsən nədir? – Şamil deyir. -  Şuşadan da gecə çıxmışdıq. Atam mənimlə anamı mindirdi “Zilə”, özü qaldı Şuşada. Mən ortada oturmuşdum - əlilə sağ tərəfi, mənim oturduğum yeri göstərir – anamsa sağımda, düz Ağdama qədər ermənilərin içindən keçib gedəndə şofer hər dəfə başımdan basırdı aşağı, anama da deyirdi əyilsin. Çünki ermənilər uşaq, qadın görəndə maşını saxlatdırıb girov götürürdülər. Mənsə şeir deyirdim: ermənilər atmayın, bu yolu partlatmayın...”

 

“Ehey”, - Şamil başımızın üstündəki “Şuşa” yazılı yol nişanını görəndə heyrətini gizləyə bilmir, elə bil illərdir yollarımızda asılmış məlumat nişanını ilk dəfə görür: “Həmişə buna baxanda deyirdik ki, bunu bura niyə asıblar? Sən demə lazım imiş”.

 

29 illik ayrılıqdan sonra doğma Şuşasıyla vüsal anları yaxınlaşdıqca Şamilin bütün həyatı – Şuşasız illərdə keçirdikləri -  gözünün qabağından gəlib keçir, bir ömürlük kinolent maşınımızın sürətilə həmahəng şəkildə geri fırlanır:

“Balaca uşaq idim. Qaldığımız qaçqınxanada təxminən əlliyə yaxın ailə yerləşmişdi və bir televizorumuz var idi. Saat səkkizin yarısından hamı gəlib dururdu foyedə, televizorun qabağında, “Xəbərlər”i gözləyirdi. Oturmağa da yer yoxdu. Bu gün gedirik, sabah gedirik, bu gün gedirik, sabah gedirik və bu “bu gün gedirik, sabah gedirik”lər düz 98-ci ilə qədər, bizi oradan köçürənə qədər davam elədi. Hər gün eyni adamlar gəlib orda durub baxırdı. Amma adamlar getdikcə seyrəlirdi. Axır-axırda televizora baxan bir neçə yaşlı adam qalmışdı, bir də biz uşaqlar, multikə baxmaq ümidi ilə gözləyirdik. Artıq adamlar səngiyirdi. Bir hissəsi ümidini kəsmişdi, bir hissəsi daha inanmırdı, bir hissəsi ölmüşdü, bir hissəsi Bakıdakı işinə adaptasiya olmuşdu, axı çörək də qazanmaq lazım idi… Atam Bakıda işə birinci konduktor kimi başladı. Eyni zamanda tar müəllimi idi, amma maaş çox cüzi idi də. Bir müddət işlədi, ondan sonra bir qohumumuzun çörək sexi vardı, o çörək sexində çörək paylayan işlədi. Bir gün gəldi evə. Atamın gizli-gizli ağladığını gördüm, heç yadımdan çıxmaz. Atam Şuşada texnikumda müəllim olmuşdu…”

 

...Şamilin şuşalı-şuşasız xatirələrini dinləyə-dinləyə sübh tezdən Füzuliyə çatırıq. Oradan isə tikilməkdə olan “Zəfər yolu”na giririk. Bu yol bizi düz Şuşaya aparacaq. Daha bir şey də qalmayıb, iki saatlıq yolumuz ola, ya olmaya.

 

Şuşaya girəndə bələdçi götürməyi təklif etsəm də Şamil bir şuşalı kimi etiraz etmişdi: “Özümüz hər şeyi tapacağıq”. Lakin indi Şuşanın küçələrini dolaşdıqca hiss edirəm ki, yaddaşındakı, “Google map”də dəfələrlə baxdığı Şuşası ilə gördüklərini birləşdirməyə çalışsa da alınmır. Bura dörd yaşında uşağın hafizəsində qalan, işğala qədərki videolentlərdə, şəkillərdə baxdığı, nənəsinin danışdığı Şuşa deyil. Bura tamam ayrı bir yerdir, yağmalanmış, talanmış məzar yeridir. Şamilin gözlərindəki pərişanlıq məni də pəjmürdə edir. Etiraf etməsə də Şuşa haqqında bu qədər biliyə, məlumata rəğmən evlərinin yerini tapmaqda çətinlik çəkir.

 

“Utandım atama deməyə ki, dədə, mən Şuşaya gedirəm, bura gəlmək birinci onun haqqı idi. İndi də zəng edib evin yerini soruşmağa üzüm gəlmir”. – Şamilin kədərlə etiraf edir.

 

Lakin bizim də təkidimizdən sonra atasına zəng vurub danışır.

 

Şuşaya gələnlər ilk növbədə Yuxarı Gövhər Ağa məscidini ziyarət edirlər. Biz də İcra Hakimiyyətinin qarşısında işimizi yekunlaşdırıb ora yollanırıq. Şamil isə hələ də atası ilə danışır, Şuşada gördükləri haqqında məlumat verir, nəyinsə yerini soruşub, arada maşına minib harasa gedir, sonra təzədən qayıdır. Biz Yuxarı Gövhər Ağa məscidində çəkilişlərimizi bitirənə qədər belə davam edir.

 

Bu vaxt Şamilin maşını təzədən meydanda görünür. Bizdən yayınıb harasa getmək istədiyini hiss edirəm. Deyəsən, nəhayət evlərinin yerini öyrənib, yəqin ki, evlərini tapmağa gedir. Amma biz onu tək qoyan deyilik. Maşına minib Yuxarı Gövhər Ağa məscidinin sağındakı yoldan yuxarı qalxır, sonra divarları yaşıla çalan binanın qabağından sağa buruluruq.

 

Deyəsən Şamil özü evin yolunu tapmayacağını anlayıb təzədən atasını yığır.

 

Şamilə deyirəm ki, evlərinin yerini belə axtarmaq çətin olacaq, həqiqətən fikrim işə yarayır, görüntünü açandan sonra anası da söhbətə qoşulur, birlikdə oğullarına evlərinin yolunu izah edirlər.

Şamil həyəcanını hiss etdirməsə də maşını sürməyi onu ələ verir, çala-çuxura baxmır, necə gəldi sürət yığır, həmişəki ehtiyatlı sürücüdən əsər qalmayıb. 29 illik ayrılıqdan sonra doğma evlərinə qovuşmağa tələsən, ata, ana və oğula baxırıq. Film kimi səhnələrə gözümüzün qarşısında canlanır.

 

Bu da Şamilgilin evi, 1992-ci ildə tərk etdiyi ev. Nəhayət ki, 29 il sonra öz doğma evlərinə qayda bilir. Maşından düşüb həyətə daxil oluruq. Hər tərəfi ot basıb. Çoxdandır, bəlkə 29 ildir ki, buradan həyat əlaməti çəkilib. Quruca divarları qalmış bu ikimərtəbəli ev də olmasa heç deməzsən ki, nə zamansa buralara insan ayağı dəyib.

 

Sonra biz Şuşada çəkilişləri davam etdirmək üçün Şamilgilin həyətini tərk edirik. Sonra Şamil evlərində tək qalır. Sonra Şamil təklikdə evlərinin daşını, torpağını qucaqlayıb ağlayır. Sonra Şamilgilin həyətində körpə oğlan uşağı peyda olur: həyətdə qaçır, evi tikən ustalara mane olur, yıxılır, üst-başını bulayır, fındıq ağacının altında oyuncaqları ilə oynayır, quşlara daş atır, başını qaldırıb göylərə baxır, gözləri qamaşır...

 

...Sonra Şuşanın səmasını qara buludlar bürüyür...  və düz 28 il 6 aydan sonra bu şəhərə qayaları dırmaşaraq günəş gətirdi səkərdələrimiz.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR