Təhsil İnstitutunun min sual yaradan “ekspert” təklifi

# 19:30
20 dekabr 2021

Təhsil İnstitutu ekspertlərlə bağlı yeni təkliflə çıxış edib. Yeni təklif məqbul sayılarsa, ölkəmizdə “təhsil eksperti” statusunu Təhsil İnstitutu verəcək.

Təklif heç də cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi şəxslər düşünür ki, belə bir qayda tətbiq edilərsə, ekspertlər çalışdıqları sahələr üzrə dövlət qurumlarının işini tərfiləməklə məşğul olacaq, neqativ hallarla bağlı fikir söyləməkdən çəkinəcəklər. Onların fikrincə, təhsil sahəsinə cavabdeh qurumlar bu üsulla ekspertləri özlərindən asılı vəziyyətə salmağa çalışırlar.

Təklifin müəllifi kimi təqdim olunan Təhsil İnstitutunun direktoru Rüfət Əzimov APA TV-yə söylədi ki, hələlik ölkədə təhsil ekspertinin profilinin nədən ibarət olduğu öyrənilməyib: “Lakin bu istiqamətdə tədqiqatlarımız davam edir. Müəllimin peşəkar inkişafının bir hissəsi olaraq onlara gələcəkdə təhsil eksperti adının verilməsi də nəzərdə tutula bilər.Bir tələbə universitetdə təhsil alır və sertifikasiya prosesindən keçərək müəllim statusu alır. Müəyyən bir müddətdən - 3 və ya 5 il sonra baş müəllim, metodist və nəhayət, ekspert ola bilər. Bu pillələrin hər birində müəyyən müsahibələr, səriştələrin müəyyənləşdirilməsində proses ola bilər və bu da müəllimlərin peşəkar karyerasına təsir göstərmiş olar. Hesab edirəm ki, tədqiqatlar nəticəsində proseslər dəqiqləşəndən sonra bu sahəyə daha çox maraq olacaq. Biz bunun qarşısını almaq yox, təşviq etmiş olacağıq. Bu zaman bilinəcək ki, necə təhsil eksperti olmaq olar və bunun üçün daha çox insan müraciət edəcək. Biz təhsil ekspertlərinin çox olmasının tərəfdarıyıq”.

Maraqlıdır, təhsildəki uğurlarla yanaşı, problemlərdən, neqativ hallardan da bəhs edəcək birinə bu statusu Təhsil İnstitutu verərsə, obyektivlik necə qorunacaq?

Statusunu heç yerdən almayan təhsil eksperti Kamran Əsədov düşünür ki, istənilən halda həmin ekspertlər aid olduqları qurumu müdafiə etməklə məşğul olacaqlar: “Bu statusu almış şəxs birmənalı olaraq aid olduğu qurumu müdafiə edəcək. İnstitut bu statusu verə bilməz. Ancaq dərslik və  layihə üzrə verə bilər. Amma müstəqil ekspertlərə verə bilməz. Bu yanlış addımdır və bunu bazara öz adamlarını  özlərinə xoş olan fikirləri çıxarmaq üçün lazım olan qərar hesab edirəm. Hesab edirəm ki, həmin şəxs bu cəmiyyətdə heç bir halda yararlı ekspert ola bilməz. Ekspert ümumi mütəxəssis olmalıdır. Ümumiyyətlə bunu müsbət qarşılamıram və  effektiv olacağını  da düşünmürəm”.

Ümumiyyətlə isə bu gün bır sıra Avropa ölkələrində müxtəlif sahələr üzrə ekspertlər və ya təhsil alan şəxslər müəyyən müddət işlədikdən sonra aidiyyəti üzrə institutlardan peşəkarlığın təsdiqinə dair sertifikat-status alırlar. Namizədlər institutlar tərəfindən təşkil olunan komissiyaların müsahibələrindən keçir, müvafiq sənədləri təqdim edir, bütün tələblərə cavab verdikdən sonra status əldə edə bilirlər. Amma buna baxmayaraq, həmin şəxslər yeri gəldikdə obyektivliyi qoruyaraq, aid olduqları qurumun nöqsanlarını söyləməkdən çəkinmirlər. Təklif qəbul olunarsa, bizdə mənzərə necə olacaq? Bunu yaşayıb, görəcəyik.

Aytən Sakitqızı,

Kamran Namazov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR