"Təpəbaşı ermənilər tərəfindən xarabalığa çevrilib" - İrəvan sakini

# 15:26
5 iyul 2022

 

Bu gün “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın təqdimatı keçirilib. APA TV xəbər verir ki, araşdırma çərçivəsində İrəvan şəhərinin, o cümlədən Təpəbaşı hissəsinin tarixi, şəhərdə yüz il əvvəl başlanmış və hələ də davam edən Azərbaycan irsinin sistemli dağıdılması prosesi, Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək, məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə məlumatlar əldə olunub. Nəzərə çatdırılıb ki, Təpəbaşı qədim İrəvan şəhərinin tarixi məhəllələrindən biri olub, hazırkı İrəvan şəhərinin də tarixi nüvəsini təşkil edir. Ermənilər tərəfindən aparılan, 100 ildən çox davam edən və sistemli xarakter daşıyan söküntü proseslərinə baxmayaraq, onun son qalıqları günümüzə qədər gəlib çıxıb. Tarixi abidələrlə zəngin, görkəmli azərbaycanlıların yaşadığı bu məhəllənin müasir zamanda müqəddəratı ilə bağlı ciddi narahatlıq var. O da bildirilib ki, Strateji Kommunikasiya Mərkəzi tərəfindən “Bir zamanlar İrəvanda” layihəsi də həyata keçirilir. Layihənin məqsədi tarixi Azərbaycan torpaqları olan İrəvan xanlığı, etnoqrafiyası, əhalisi, iqtisadiyyatı, coğrafiyası, habelə bölgənin antik dövrdən yeni dövrə qədər keçdiyi tarixi inkişaf yolu barədə həqiqətləri ölkə və dünya ictimaiyyətinə çatdırmaqdır. Tədbirdə İrəvanda Azərbaycanın milli-mədəni irsi barədə film nümayiş etdirilib. Filmin ideya müəllifi Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, ssenari müəllifi Səbuhi Hüseynovdur. Araşdırmanın müəllifi, tədqiqatçı, tarixçi Səbuhi Hüseynov materialların hazırlanmasında Azərbaycan Respublikasının Milli Arxivində, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində, Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının Nadir Əlyazmalar Kolleksiyasında, Türkiyə Respublikasındakı Osmanlı Arxivində, Rusiya Federasiyasının Dövlət Arxivində saxlanılan sənədlərdən istifadə olunduğunu və üçüncü dövlətlərin arxivlərində saxlanılan Ermənistan Arxivindən götürülmüş mikrofilmlərin tədqiqata cəlb edildiyini bildirib. O, həmçinin qeyd edib ki, Təpəbaşı məhəlləsinin ərazisi müəyyən edilərək, mövcud abidələrin bazası yaradılıb. Məlum olub ki, burada 300-dən çox yaşayış evi mövcuddur. Tarixçi Təpəbaşının məhv edilməsinin qarşısının alınmasına dünya ictimaiyyətinin göz yummasını yolverilməz sayıb. Araşdırma nəticəsində əldə edilmiş materiallardan ibarət kitab ərsəyə gəlib. Kitab Azərbaycanın milli-mədəni və tarixi irsinin qorunması və beynəlxalq səviyyədə təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərə mühüm töhfə verəcək. Kitabda Təpəbaşı məhəlləsinin və orada dağılmaq üzrə olan son abidələrin Azərbaycan xalqına məxsusluğunu sübut edən arxiv sənədləri də dərc edilib. Qərbi Azərbaycan İcmasının sədri, "Qərbi Azərbaycan yaddaşı" layihəsinin müəllifi Əziz Ələkbərli çıxışında İrəvan şəhərinin başqa yaşayış massivləri kimi, Təpəbaşı məhəlləsində də azərbaycanlıların həmişə üstünlük təşkil etdiyini, lakin zaman-zaman onların Ermənistandan deportasiya olunduğunu, onlara məxsus tikililərin, habelə İrəvan şəhərindəki müsəlman abidələrinin erməni vandalizminin qurbanına çevrildiyini bir daha vurğulayıb. Təpəbaşının sabiq sakini, "Elmi Araşdırmalar" İctimai Birliyinin sədri Telman Qasımov çıxışında məhəllənin özünəməxsus obrazının keçmişdə burada yaşayan yerli azərbaycanlı sakinlər tərəfindən yaradıldığını bildirib. O həmçinin Təpəbaşı məhəlləsinin yaşadığı dövrə aid milli koloriti barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Tədbir çərçivəsində Təpəbaşı məhəlləsindəki dağıdılmış və sökülməkdə olan abidələrin fotosərgisi təşkil edilib. Tədbirdə dövlət rəsmiləri, diplomatik korpusun, elm və təhsil müəssisələrinin, ictimai təşkilatların nümayəndələri, eləcə də Təpəbaşı məhəlləsində yaşamış ailələrin üzvləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR