Ukrayna üçün axıdılan göz yaşı bizim üçün axıdılmışdımı?

# 18:03
14 mart 2022

Ölkələrin ərazi bütövlüyü və suverenliyə dəstək Avropa İttifaqının (Aİ) prinsipial mövqeyidir.

 

Bunu ADA Universitetində "Şərq Tərəfdaşlığı" proqramının fəaliyyətinə həsr olunmuş tədbirdə çıxış edərkən Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirib. O qeyd edib ki, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı"na üzv ölkələrin ərazi bütövlüyü və suverenliyinə dəstəyi hər zaman bəyan edilib. Avropa İttifaqının işğaldan azad edilmiş ərazilərdəki fəaliyyətinə gəlincə isə o qeyd edib ki, təşkilat minatəmizləmə fəaliyyətinə dəstək verir.

 

Sitat:  “Aİ münaqişə sonrası şəraitdə həm Azərbaycanı, həm də Ermənistanı dəstəkləyir. Biz, regionda sülh və sabitlik naminə əməkdaşlıq edirik. İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün UNDP vasitəsilə ANAMA-ya vəsait ayırmışıq və bu prosesi bundan sonra davam etdirmək niyyətindəyik. Azərbaycan nəqliyyat və logistika sahəsində Avropa İttifaqının əsas tərəfdaşıdır. Biz 2019-cu ildə yüksək səviyyədə dialoq formalaşdırmışıq. Bu əlaqələr bu gün də davam edir. Həmçinin müvafiq təsisat və qurumlarla da Azərbaycandakı şirkətlərə rəqabət və bazar imkanları sahəsində, xüsusən ixrac üçün Avropa bazarlarına daxil olmağa dəstək göstəririk. Bu vaxtadək 5 minə yaxın tələbə sahibkarlıq, maliyyə savadlılığı sahələrində məhz bu layihədən faydalanıblar”.

Sitatın sonu

 

Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev isə bildirib ki, Aİ-dən bu gün Ukrayna üçün göstərilən yanaşma Azərbaycan üçün görülmədi: Bu günlərdə Aİ-nin reputasiyası zədələnib. Avropa Parlamentinin birtərəfli qətnaməsi Azərbaycan ictimaiyyətində dərin təəssüf doğurur. Avropalı siyasətçilər Avropa regionunda bir ölkənin ərazi bütövlüyünün təhlükə qarşısında olduğunu, işğalla qarşılaşdığını deyirlər. Lakin xatırlatmaq istəyirəm ki, 1992-93 illərdə də Avropada ərazi bütövlüyü pozulmuşdu. Amma Aİ-dən bu gün Ukrayna üçün göstərilən yanaşmanı biz Azərbaycan üçün görmədik. 30 il Azərbaycanın torpaqları işğal altında qaldı, mədəni-tarixi irsi məhv edildi, lakin Aİ-dən reaksiya olmadı”

 

Fərid Şəfiyevin onu da bildirib ki, dekabr ayında Brüsseldə üçtərəfli sammitdən sonra müəyyən ümidlər yaranmışdı, lakin bu gün Avropa ölü “Madrid prinsipləri”ni canlandırmağa çalışır və Fransa diplomatik səviyyədə bununla bağlı fikirlər səsləndirir.

Tədbirdə iştirak edən Peloponnes Universitetinin Beynəlxalq siyasi-iqtisadi əlaqələr üzrə eksperti Panagiota Manoli, Çexiyanın Beynəlxalq məsələlər üzrə assosiasiyasının nümayəndəsi Pavel Havliçek, Cənubi Qafqaz üzrə beynəlxalq böhran mərkəzinin nümayəndəsi Zaur Şiriyev də Avropa İttifaqı –Azərbaycan əlaqələrinin qarşılıqlı inkişafından danışdılar.

 

Fuad Sadıqov

Xəyal İskəndərov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR