Vətən Müharibəsinin 32-ci günü: 28 oktyabrda nələr baş verdi?
28 Oktyabr 2020-ci il. Bütünlüklə Azərbaycan xalqı, dünyada yaşayan soydaşlarımız, bu müharibənin mahiyyətinin fərqində idi. 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımızı azad etmək boynumuzun borcu idi. Bu borcu layiqincə ödəmək üçün hər kəs səfərbər olmuşdu.
Müdafiə Nazirliyinin verdiyi məlumata görə döyüşlər cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı rayonları istiqamətlərində davam etdirilirdi. Düşmənin hücum cəhdlərinin qarşısı alınır, düşmən itki verərək geri çəkilirdi.
Gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edildi.
Ermənistan silahlı qüvvələri Tərtər, Ağcabədi, Tovuz, Gədəbəy, Daşkəsən, və Qubadlı rayonlarının ərazisini atəşə tutdu.
Saat 13:00-da Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinə qarşı yenidən “Smerç” raketlərindən istifadə edilərək zərbələr endirildi. Baş Prokurorluğun yaydığı məlumata görə, erməni terroru nəticəsində 21 nəfər həlak oldu, 70-dən artıq şəxs isə yaralandı.
Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi. Mülki əhali arasında xidmət aparan Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı raket atəşi nəticəsində həlak oldu, bir nəfər isə ağır yaralandı.
Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri saat 14:40-dan etibarən Goranboy və Tərtər rayonlarının ərazisini davamlı olaraq atəşə tutdu. Xüsusən Tərtər rayonu gün ərazində düşmən ordusunun raket hücumlarının hədəfi olaraq qalırdı.
Amma nə Azərbaycan xalqının, nə də Ordunun əzmi qırılmırdı. Hər kəs günün sonunda Prezident, Ali Baş Komandandan qələbə xəbərini gözləyirdi. Prezident İlham Əliyev isə ənənəvi olaraq 28 oktyabrda da özünün "Twitter" səhifəsində Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri, Füzuli rayonunun Mandılı kəndi, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac kəndləri, Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qilican kəndlərinin işğaldan tam azad edildiyini açıqladı.
Düşmənin son çırpınışları davam edirdi. Amma bu belə onları xilas etməyəcəkdi. Hələ qarşıda 12 daha ağırlı gün onları gözləyirdi.