Yasamalda yaşayış binasında liftlər təhlükəli vəziyyətdədir
Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 71A ünvanında yerləşən “Yasamal-54” MMC-yə məxsus onaltı mərtəbəli yaşayış binasında iki ədəd liftin qəzalı vəziyyətdə istismar olunması barədə vətəndaş tərəfindən müraciət daxil olub.
APA TV-nin FHN-in saytına istinadən verdiyi xəbərə görə, müraciətlə əlaqədar dərhal Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftlərə texniki baxış keçirilib. Baxış zamanı həqiqətən də liftlərin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi və beləliklə, insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.
Qeyd olunanlar nəzərə alınaraq, liftlərdə aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Yasamal-54” MMC qarşısında məsələ qaldırılıb. Həmçinin, sözügedən MMC-nin rəhbərliyinə yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftlərin istismarının mümkün olacağı izah edilib, eyni zamanda liftlərin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları diqqətə çatdırılıb, müvafiq akt tərtib edilib.