Yeni təyin edilən icra başçıları ilə bağlı - DOSYE
Prezident İlham Əliyev bu gün üç rayona yeni icra başçısı təyin edib. APA TV Lent.az-a istinadən xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun yerinə təyin olunan icra başçısı Araz Süleyman oğlu Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı olub. Prezident İlham Əliyev ona 2019-cu ildə general-mayor rütbəsi verib. Qeyd edək ki, Araz Süleyman oğlu Əhmədov 1963-cü ildə Naxçıvan MR-in Ordubad rayonunun Biləv kəndində anadan olub. O, uşaq yaşlarında hər iki valideynlərini itirib və internat məktəbində təhsil alıb. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib. General-mayor Araz Əhmədov Qarabağ müharibəsi veteranıdır. Göygöl rayonuna təyin edilən yeni icra başçısı Elvin Paşayev isə bu təyinatadək Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbərinin müavini vəzifəsini tutub. O, daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində şöbə müdiri vəzifələrində çalışıb. Qeyd edək ki, Elvin Paşayev bir müddət əvvəl "Yeni Klinika"ya baş həkim təyin olunan Cavid Paşayevin qardaşıdır. Lerikin yeni icra başçısı Əkbər Abbasov da Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı olub. O, bu təyinata qədər nazirliyin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışıb. Əkbər Abbasov İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. Tələbəlik illərində Prezident təqaüdçüsü olub. 34 yaşlı Əkbər Abbasov respublikanın ən gənc icra başçılarından sayıla bilər.