Yenilik: Bunu edənlər karyeralarında sürətlə irəliləyəcəklər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə 2-ci dəfə Azərbaycan Karyera İnkişaf Forumu keçirilib.
Forumda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Forumun məqsədi əmək bazarında olan aktual problemlərin həlli istiqamətində peşəkar müzakirələr aparmaq, yeni trendlər və çağırışlar barədə məlumatlılığı artırmaq, karyera planlaması istiqamətində düzgün nəticə çıxarmağa imkan yaratmaqdır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son 3 ildə 4 milyondan çox vətəndaşımıza sosial paketlər çərçivəsində dəstək verildiyini, əmək müqavilələrinin sayının 400 min ədəd, yəni 33 faiz artdığını vurğulayıb.
Forumda bildirilib ki, növbəti mərhələ olaraq ölkəmizin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi, elektron əmək birjası və yarmarkası, ictimai işlər portalı və BACAR innovativ platformasının istifadəyə verilməsinə hazırlıq işləri görülür.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, rəhbərlik etdiyi qurum son 3 ildə bu istiqamətdə xüsusi metodika hazırlayıb:
Məleykə Abbaszadə onu da vurğulayıb ki, gənclər öz sahələrində olan proqramlarla işləməyi bacarmalıdırlar. Çünki indiki zamanda insanın savadlı olması yalnız oxuyub-yazmaqla ölçülmür. Bütün bunlarla yanaşı, İT sahəsində biliklərin olması da şərtdir.
Elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, 10 il öncə ali məktəbə qəbul olanların sayı 20-30 min idisə, bu il rekord olaraq 50 min nəfərə çatıb.
Forum peşəyönümlü məsləhət xidmətinin önəmini, əmək bazarının mövcud vəziyyəti, gələcəyin ən vacib əmək bacarıqları və onlara yiyələnmək yolları barədə məlumatlığı artırmağa, bu mövzuda dövlət, biznes və qeyri-hökumət sektorları üçün ortaq müzakirə platforması yaratmağa imkan verir.
Qeyd edək ki, forum Türkiyə, ABŞ, İtaliya, eləcə də, yerli spikerlərin çıxışı ilə davam edib.