Yüksək toy qiymətləri nədən xəbər verir?
Azərbaycan toyları öz adət-ənənəsi, dəbdəbəsi ilə seçilir. Amma, təəssüf ki, ölkəmizdə “yaxşı toy” anlayışı bahalı məkanlar, zəngin süfrələr, fotosessiya, bəzədilmiş gəlin maşınları və bu kimi digər xərclər deməkdir. Əksər ev yiyələri də bu dəbdəbəni toydan qazanılan gəlirlə ödəyir. Bəs bu qədər israfçılıq nədəndir? İqtisadçı Xalid Kərimli bunu “Qonşudan geri qalma” prinsipi ilə əlaqələndirdi.
İqtisadçı ekspert Xalid Kərimli deyir ki, toylarda israfçılıq, “qonşudan qalma geri prinsipi” ilə varlı qonşuların yamsılanması kimi məsələlər, xüsusən də, sosial cəhətdən zəif təbəqələr üçün ciddi problem yaradır: “İnsanlar bu qərarları verəndə bir qədər şöhrətpərəstlikdən çəkinməlidirlər. Daha çox rasional düşünməlidirlər. Fikirləşməlidirlər ki, bu toy həyatın sadəcə bir günüdür. Ondan əhəmiyyətli xərclər var ki, gənc ailələr bunu qarşılamalıdırlar”.
Xərc demişkən, sakinlərin toy qiymətlərindən razı olub-olmadığını öyrənmək üçün düşdük şəhərin canına. Razıyam deyən də oldu, bahadır deyib gileylənəndə.
Şəhər sakinlərinin çoxu qiymətlərin baha olduğunu dedi. Biz də səbəbini aydınlaşdırmaq üçün 2 fərqli mövqedən fikir aldıq. Restoran administratoru Rəşad bəy qiymət artımını karantin şəraiti səbəbilə zallarda oturan adam sayının az olmasını ilə əlaqələndirdi.
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə isə artımın səbəblərindən biri də dünya üzrə ərzaq qiymətlərinin bahalaşmasıdır.
Milli adət-ənənələrimiz unudulmadıqca toy etmək də, toya getmək də gözəldir. Necə deyərlər, Allah xoşbəxt eləsin!