“Zəfər” Yarmarkasında nələr satılır?

# 18:53
29 oktyabr 2021

Bu gündən Dənizkənarı Milli Parkda böyük qələbəmizə həsr olunan “Zəfər” Yarmarkası fəaliyyətə başlayıb.

 

APA TV-nin məlumatına görə, yarmarka Bulvar ərazisində Kukla teatrının arxasında yerləşir.

 

9 noyabra kimi davam edəcək Yarmarka boyunca ASAN radio və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən hər axşam konsert tədbirləri təşkil olunacaq. Eyni zamanda, burada müxtəlif mövzularda sərgilər təşkil olunacaq. Müdafiə Nazirliyinin hərbi texnikaları, 44 günlük müharibədə istifadə olunan texnika və avadanlıqlar nümayiş olunacaq. “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov deyir ki, şirkətlər tərəfindən zəfər simvolikasına aid müxtəlif suvenir, qida məhsulları, kitablar və digər məhsullar satışa çıxarılacaq: "Bu gündən etibarən noyabrın 9-na qədər davam edəcək Azərbaycana xalqının böyük qələbəsinə həsr olunan “Zəfər” Yarmarkasından əldə olunan gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı ilə bağlı "YAŞAT" Fonduna ianə ediləcək".

 

Elvin Hüseynovun sözlərinə görə, sərgi müddətində müxtəlif şirkətlər öz məhsullarını təqdim edirlər: "Həmçinin Müdafiə Nazirliyi tərəfindən kiçik də olsa hərbi şəhərcik yaradılıb. Məhz burada olan silah və texnikalar 44 günlük Vətən Müharibəsində ərazilərimizin işğaldan azad olunmasında istifadə edilən texnikalardır”.

 

Qeyd edək ki, Dənizkənarı Milli Parkda Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan “Zəfər” yarmarkası “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutur.

 

Yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasıdır.

 

Yarmarka müddətində Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılıb. Bura gələn vətəndaşlar üçün, həmçinin hərbi vətənpərvərlik yarışları, uşaqlar üçün əyləncəli tədbirlər təşkil edilir.

 

Yarmarkanın hər günündə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramlarının təşkili nəzərdə tutulur.

 

Yarmarkanın ilk günündə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Orkestrinin ifasında hərbi marşlar və vətənpərvərlik mahnıları səsləndirilib.

 

Sevinc Vaqifqızı,

Xəqani Hüseynov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR