Zəngəzur dəhlizi ilə Naxçıvana elektrik xətti çəkiləcək

# 16:43
16 fevral 2022

Ötən gün Ağdamda Prezident İlham Əliyevin açılışında iştirak etdiyi “Ağdam-1” yarımstansiyasına media-tur təşkil olunub.

Yeni tikilən “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində Ağdam rayonu elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Bu iki yarımstansiyanın açılışı ilə azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb.


”Azərenerji” tərəfindən Xındırıstan yarımstansiyasından “Ağdam-1” yarımstansiyasına 35 km-lik məsafədə 2 dövrəli 110 kv-luq yüksək gərginlikli elektrik xətti çəkilib. Bu elektrik xəttləri minalanmış ərazilərdən cığır açılaraq çəkilib.

 

Ağdamda tikilən yeni yarımstansiyalar bir çox özəllikləri ilə digərlərindən fərqlənidir. Belə ki, Ağcabədidən Xındırıstana, oradan da “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına qədər olan məsafədə ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün fiberoptik kabel çəkilib. Bu isə Ağdamda yüksək ötürmə qabiliyyətli sürətli internet xəttinin olmasına rəvac verir.

Media-turda iştirak edən "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev jurnalistlərə bildirib ki, yaxın perspektivdə Naxçıvandan Türkiyə və Avropaya elektrik enerjisi ixracının həyata keçirilməsi mümkün olacaq: "Bununla bağlı yaxın günlərdə Cəbrayıla Ağcabədidən 130 km, İmişlidən isə 132 km məsafədə 330 kV-luq xət çəkilməsi, o cümlədən Cəbrayılda və Naxçıvanda 330 kV-luq yeni yarımstansiyanın tikilməsi, Zəngəzur dəhlizindən keçməklə Naxçıvana 330 kV-luq xəttin çəkilməsi və Kəlbəcərdə 5 yerdə kiçik su elektrik stansiyasının yenidən qurulmasına başlanacaq. Oradan isə elektrik enerjimiz Türkiyə üzərindən Avropaya ixrac oluna biləcək".

 

Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə regiondakı bütün elektrik stansiyaları, yarımstansiyalar, tənzimlənmələr və başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilir. Ölkə üzrə 2500 kilometr məsafədə çəkilən optik kabel şəbəkəsi üzərindən qurulan yeni sistem vasitəsilə nəinki Qarabağın, bütövlükdə Azərbaycanın enerji sistemi əhatə olunur.

Media-tur çərçivəsində Suqovuşanda yerləşən kiçik su elektrik stansiyasılarının hazırkı iş gücü və ermənilərin bu stansiyalara vurduğu zərər barədə jurnalistlərə məlumat verilib.

Bura Azərbaycan ordusunun işğaldan azad etdiyi Suqovuşandır.Ermənilər işğal dönəmində burada yerləşən avadanlıqları və mühərrikləri sökərək, kiçik su elektrik stansiyalarına ciddi ziyan vurmuşdu. Hal hazırda isə “Suqovuşan” 1 və “Suqovuşan” 2 KSES-lər tam gücü ilə işlək vəziyyətdədir.

"Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi" MMC-nin direktoru Oqtay Pirverdiyev bildirib ki, Suqovuşanda olan KSES-lərin fəaliyyəti üçün lazım olan su Sərsəng su anbarından gəlir. Suyun səviyyəsi əsasən yaz daşqınları zamanı yüksəlir. Artıq olan su Tərtər çayına ötürülür: “Yaxın aylarda daha 5 SES-in istismara verilməsi üçün işlər aparılır.Ümumilikdə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumilikdə 30 yeni kiçik su elektrik stansiyasının (KSES) istismara verilməsi planlaşdırılır”.

Qeyd edək ki, Suqovuşanda istehsal edilən elektrik enerjisi Talış və Suqovuşan kəndlərinin elektrik enerjisi ilə təchizatı üçün istifadə edilir. Həmçinin 35 kV-luq kabellə Tərtər yarımstansiyasına birləşir.

 

Semral Cavad,
Ceyhun Mustafayev,
APA TV


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR