Zibil atmağa yer yoxdur, kəndə gecələr atılan tullantılar yeni problemlər yaradır

# 16:45
3 mart 2022

Lənkəranda tullantıların bu cür yığılıb qaldığı yer Göyşaban kəndindədir.

Sakinlərin APA TV-nin yerli bürosuna verdiyi xəbərə görə, ərazidə olan tullantılar sahibsiz itlərin də bura toplaşmasına səbəb olur. Gecə saatlarında ərazidən keçmək təhlükəli olur.  Sakinlərin deyir ki, məişət tullantılarını atmaq üçün nə xüsusi bir yer ayrılıb, nə də qutular qoyulub. Tullantıları atmağa yer olmadığı üçün zibillik günü –gündən böyüyür, nəticədə natəmizlik burada baş alıb gedir. İy, qoxu əlindən nəfəs almaq olmur.

- Mən burada yaşayıram. Mən də istəyirəm təmizlik olsun. Zibillər tökülür bu yanlara, bir yeşik, zibil qutusu olsa, lap yaxşı olar, biz də zibilləri tökərik. Üzü yaya gedir. Xəstəliklər milçəklərlə, belə-belə şeylərlə yayılır. Gecələr rahat otura bilmirik həyətdə. Hamısı mikrobdur bunların. Hamısı belədir. Yeşiklər, zibil qutuları qoyulsun hamı üçün. Ayda vaxtı-vaxtında onun pulunu verərik zibilləri tökməyə, rahat olsun bizim üçün.

- Zibil qutusu yoxdur, baxmırlar. Biri bir ekskavator göndərmir, bir kanalizasiya qazmırlar, bir çuxur qazmırlar ki, zibili tökək və ya bir zibil yeşiyi qoymurlar ki, biz zibili ora tökək. Yayda dəniz qırağıdır, yaxşı havadır, təmizdir. İstirahətə camaat bu dəniz qırağına gəlir, gəl ki, biz küçəyə çıxa bilmirik zibilliyin əlindən, itlərin əlindən. İtlər çoxdur, uşaqlarımızı - nəvələrimizi, balalarımızı küçəyə, məktəbə, bağçaya yola sala bilmirik, tək gələ bilmirlər, qorxurlar. Milçək olur yayda, zibillik yığılır, qalır, baxan olmur.
 

Məsələ ilə bağlı Göyşaban kənd bələdiyyəsinə üz tutduq. Bələdiyyə sədri bildirdi ki, ərazidə mütəmadi olaraq abadlıq işləri görülsə də, bəzi sakinlər gecə saatlarında məişət tullantılarını gətirib təkrar-təkrar əraziyə atırlar.
 

- Ora mütəmadi təmizlənir. Axşam saatlarında vətəndaşlar gəlib oraya zibil töküb gedirlər. Maşın ayrılıb, işçilər ayrılıb, həftədə 3 dəfə qapılarından zibil götürülür. Həmin küçədə yaşayan adamlar, küçə deyil o, ətrafda bəzi adamlar var, onlar gətirib axşam saatlarında tökürlər. Biz dəfələrlə orada tədbir keçirmişik, maşınlar gətirmişik, texnika cəlb eləmişik, yükləyib daşımışıq zibil poliqonuna tökmüşük. Yenə də 2-3 gündən bir görürsən yaranır belə.


Bələdiyyə sədri onu da qeyd etdi ki, yay mövsümündə həmin məişət tullantılarının dəniz sahilinə yaxın ərazidən yığılmasına nəzarət gücləndiriləcək.

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Lənkəran

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR