Zibil qabını evin qabağına qoyuruq, gecə məscidin həyətinə gedir - SAKİN

# 21:32
18 may 2022

Bakının Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən təpənin üzərindəyik. Yox, bu təpə o təpələrdən deyil. Bu təpə, zibilliklərdən ibarətdir. Ətrafda zibil qabları olmadığından sakinlər 2 ildir ki, məişət tullantılarını bura atırlar. Təmizlənmir deyə, bu cür hündür təpə yaranıb. Təbii ki, bu mənzərənin yaranması həm də yerli bələdiyyənin və icra nümayəndəliyinin məsələyə biganə yanaşmasından qaynaqlanır.

Aidiyyatı qurumların boş vədlərindən təngə gələn sakinlərin sözlərinə görə, 2-3 ildir bu məsələyə əncam çəkən yoxdur.

Bəzi yerlərdə zibil qutularının az olması, bəzi yerlərdə isə ümumiyyətlə, olmaması, qəsəbə daxilində də kiçik zibilliklərin yaranmasına səbəb olub. Sakinlər deyir ki, zibil qutuları çox uzaqda olduğu üçün hər gün xeyli məsafə qət etməyə məcburdurlar. Elə bu səbəbdən də ən “asan” yolu seçirlər. Nəticədə də ərazidə üfunət qoxusundan nəfəs almaq olmur.

Vəziyyət o həddədir ki, sakinlər zibilləri ərazidə yerləşən köhnə mağazanın uçulmuş damından da içəri atırlar. Burada zibil o qədər çoxdur ki, hətta dama qədər gəlib çıxıb. Doğrudur, kameramızın obyektivindən bunu hiss etdirmək mümkün deyil, amma onu deyim ki, burada qoxudan dayanmaq olmur. Nəzərə alaq ki, qarşıdan yay gəlir. İsti havalarda vəziyyətin daha da acınacaqlı olacağı qaçılmazdır.

Qəsəbənin digər küçələrində də eyni ürəkbulandıran mənzərələrlə qarşılaşdıq.

Türkanda ən təhlükəli vəziyyət isə yolun düz kənarında yerləşən taxıl anbarında yaranıb. Sakinlər bu anbardan da zibil yeşiyi kimi istifadə edirlər.

Sovetlər dövründə taxıl anbarı kimi fəaliyyət göstərən anbarın damının üzərindəyik. Yerlə eyni məsafədə yerləşən anbarın damı 5 il öncə uçub, nəticədə də bu təhlükəli mənzərə yaranıb. Dərinliyi təqribən 7 metrə yaxındır. Gələcəyimiz olan uşaqların həyatı təhlükədədir. Niyəsi də odur ki, anbarın yerləşdiyi ərazi yolun düz kənarındadır və hər gün bu yolla yüzlərlə uşaq məktəbə gedib-gəlir.

Belə təhlükəli vəziyyətdə çarələri kəsilən sakinlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər. Nazirlik əməkdaşları da mayın ilk 10 günlüyündə sözügedən əraziyə gəlib və qəsəbədəki acınacaqlı vəziyyətin şahidi olublar. Problem elə yerindəcə aktlaşdırılıb. Amma bu akt elə aktlığında da qalıb.

Məsələnin nə vaxt həll olunmasını öyrənmək üçün Türkan bələdiyyəsinə gəlmişik. Bələdiyyə sədri Böyükağa Yəhyayev və işçiləri yerində deyil. Qapıların taybatay açıq olmasına baxmayaraq, burada mövqe öyrənmək üçün heç kimi tapa bilmədik. Amma bələdiyyənin qarşısına iki zibil yeşiyinin qoyulması diqqətimi çəkdi. Deyim ki, bu yeşiklər də sakinlərin zibil poliqonuna çevirdiyi ərazidən çox-çox uzaqda yerləşir.

Ardınca isə üz tutduq Xəzər rayonunun Türkan qəsəbəsi üzrə icra nümayəndəliyinə. İcra nümayəndəsini yerində tapa bilmədiyimiz üçün zəng edib, nə vaxt gələcəyini soruşduq.

“5” rəqəminin ardına bir “0” da əlavə edib gözlədik. Nəhayət ki, Rövşən Quliyev gəldi. Amma bu gəliş problemin işıqlandırılmaması üçün dırnaqarası şirinlik gəlişi idi. Bizi isə tamam başqa məslə maraqlandırırdı:

- Əhalinin canı bu üfunətdən nə vaxt qurtaracaq?

“Xəzər Rayon Mənzil Kommunal Təsərrüfat Birliyini məlumatlandırmışıq. Yaxın günlərdə oraya xüsusi texnikalar cəlb olunacaq. Digər məsələlər də öz həllini tapacaq.

-Yaxın günlər dedikdə, təqribən nə vaxt?

-Bu həftənin sonu, gələn həftənin əvvəli artıq məsələ öz həllini tapacaq. Mən belə proqnozlaşdırıram.

Açığı bu cür vədləri çox eşitmişik. Əməl edənlər də olub, sözündən qaçanlar da. “Yeməkdənsə ümid etmək yaxşıdır” deyiblər. Ümid də işıqdır. Ancaq bu işıq günün günorta vaxtı Türkanda yol kənarında yanılı vəziyyətdə qalan işıqlardan deyil.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR