Yanvar-avqust aylarında Azərbaycanda bitkiçilik məhsullarının istehsalı 11,6%, heyvandarlıq üzrə isə 3,7% artıb

Yanvar-avqust aylarında Azərbaycanda bitkiçilik məhsullarının istehsalı 11,6%, heyvandarlıq üzrə isə 3,7% artıb
# 19 sentyabr 2008 14:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 1-dək Azərbaycanda 860,2 min hektar dənli və dənli-paxlalı bitkilərin (qarğıdalısız) sahəsi biçilib döyülüb və həmin sahələrdən ilkin çəkidə 2 333,1 min ton taxıl toplanıb. Nəticədə, orta hesabla hər hektardan 27,1 sentner məhsul götürülüb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dənli və dənli paxlalılardan fərqli olaraq, dən üçün qarğıdalı yığımı hələ davam edir. Hələlik yığılacaq sahənin yalnız 43,5%-nin və yaxud 14,6 min hektarının məhsulu toplanıb. Qıçaları quru dənə çevirməklə bu sahələrdən 67,1 min ton qarğıdalı toplanıb.
Hektarın orta məhsuldarlığı keçən ilin müvafiq dövrünə nisbətən 5,9 sentner artaraq 45,9 sentnerə yüksəlib. Qarğıdalı nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 517 min ton və yaxud 27,5% artaraq rekord səviyyəyə - 2 400,2 min tona çatıb. Ötən ilə nisbətən payızlıq və yazlıq dənli və dənli paxlaların (qarğıdalısız) əkin sahəsinin 158,1 min hektar artması ümumi istehsala müsbət təsir edib.
Mövsüm ərzində 796,7 min ton və ya keçən ildəkindən 8% çox kartof, 14,9 min ton (26,8% çox) dən üçün günəbaxan, 976,2 min ton (0,6% çox) tərəvəz, 361,7 min ton (1,6% çox) bostan məhsulları, 256,4 min ton (6,2% çox) meyvə və giləmeyvə, 23,7 min ton (6,4% çox) üzüm, 1,222 min ton (22,4% az) tütün yarpağı və 279,8 ton (38,9% az) yaşıl çay yarpağı istehsal edilib.
Sentyabrın 1-i vəziyyətinə ölkədə 385 ton xam pambıq yığılıb emal müəssisələrinə satılıb. Cari ilin məhsulu üçün pambığın əkin sahəsi keçən ilə nisbətən 27,2 min hektar azalıb. Bu ilin payızlıq əkinləri üçün 207,1 min hektar və yaxud keçən ildəkindən 14,1% çox sahədə şum qaldırılıb.
Təhlil olunan dövr ərzində diri çəkidə 194,4 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 3,1% çox ət, 922,6 min ton və ya 2,5% çox süd, 670,9 mln. ədəd və ya 13,1% çox yumurta istehsal edilib, habelə 13 min ton və ya 3,1% çox yun qırxılıb.
Bu ilin yanvar-avqust aylarında kənd təsərrüfatının ümumi məhsulunun sabit qiymətlərlə dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,5%, o cümlədən bitkiçilik məhsulları üzrə 11,6%, heyvandarlıq məhsulları üzrə isə 3,7% artıb.
Sentyabrın 1-i vəziyyətinə ölkənin meşəçilik təsərrüfatlarında istehsal edilmiş məhsul və xidmətlərin faktiki qiymətlərlə dəyəri 676 min manat olub.
Balıqçılıqla məşğul olan təsərrüfatlar tərəfindən isə 82,5 min manat dəyərində balıq ovlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR