Azərbaycan bölgələrdə damcı üsulu ilə suvarmanın tətbiqini genişləndirir

Azərbaycan bölgələrdə damcı üsulu ilə suvarmanın tətbiqini genişləndirir
# 04 oktyabr 2008 08:56 (UTC +04:00)
Naxçıvan. C.Qurbanoğlu – APA. Naxçıvan Muxtar Respublikasında (MR) damcı üsulu ilə suvarma sisteminin tətbiqi genişləndirilir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumatına görə, bunun səbəbi yeni üsulun suvarma suyuna qənaət və keyfiyyətli suvarma baxımından üstün olması ilə bağlıdır. Nazirlikdən bildirilib ki, nahamar relyefli ərazilərdə damcı üsulunun tətbiqi sonrakı mərhələlərdə ağaclara keyfiyyətli qulluq göstərilməsinə imkan verir. Bu həm də suvarma suyundan mövsümdən asılı olmayaraq, mütəmadi və qənaətlə istifadəyə şərait yaradır.
Qeyd edək ki, əsasən meyvə və həmişəyaşıl ağacların əkilməsində tətbiq olunan bu üsul müxtəlif relyefli ərazilərdə ağacların bərabər səviyyədə keyfiyyətlə suvarılmasına imkan verir. Artıq yeni üsul Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Meliorasiya və Su Təsərrüfatı Agentliyinin xətti ilə regionun müxtəlif bölgələrində 100 hektardan artıq sahədə tətbiq olunur. Bununla paralel fərdi təsərrüfatlarda da damcı üsulu ilə suvarmanın tətbiqinə nail olunub və hazırda bu sahədə təbliğat işləri aparılır.
Qeyd edək ki, damcı üsulundan istifadə zamanı ağaclar əkin ərazilərinə qoyulan irihəcmli çənlərdən istifadə olunmaqla ayrı-ayrı kiçik diametrli boru-kranlar vasitəsilə suvarılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR