Rusiyanın «Baltika» şirkəti Azərbaycanda aldığı pivə zavodunda istehsalı üç dəfə artıracaq

Rusiyanın «Baltika» şirkəti Azərbaycanda aldığı pivə zavodunda istehsalı üç dəfə artıracaq
# 13 oktyabr 2008 15:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Rusiyanın iri pivə istehsalçısı olan «Baltika» şirkətinin Xırdalandakı «Bakı-Castel» pivə zavodunun alınmasına dair mətbuat konfransı keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən «Baltika» şirkətinin prezidenti Anton Artemyev bildirib ki, tərəflər arasında zavodun alınmasına dair sövdələşmə tamamilə başa çatdırılıb.
Tədbirdə «Baltika» şirkəti haqqında ətraflı məlumat verən A.Artemyev qeyd edib ki, şirkət Rusiyanın pivə bazarının 38%-ni əhaət edir və 50 ölkədə Rusiyadakı 11 zavodun istehsal etdiyi məhsulu reallaşdırır: «Biz ildə 50 mln. hektolitr (1 hektolitr = 100 litr) pivə istehsal edirik ki, məhsulumuzun da 70%-i ixrac olunur. Gün ərzində 96 mln. litr məhsul satılır. Belə ki, Şimali Avropada şirkətimiz satışa görə 1-ci yeri, dünyada isə 4-cü yeri tutur».
A.Artemyev həmçinin qeyd edib ki, «Baltika» şirkətinin məhsulları Azərbaycanda 2000-ci ildən satılır və ölkə bazarının 4%-ni təşkil edir.
Rusiya və Azərbaycanda pivə tələbatını müqayisə edərək «Baltika» şirkətinin prezidenti qeyd edib ki, Azərbaycanda yay mövsümündə pivə qış mövsümünə nisbətən 14 dəfə çox satılır, Rusiyada isə bu fərq iki dəfədir.
«Biz Azərbaycanda yeni imkanlar tədbiq edəcəyik, qış mövsümündə digər ölkələrə ixracı təmin edək. Həmçinin, aldığımız zavodu bir sıra yeni avadanlıqlarla təchiz edəcəyik», - deyə A.Artemyev bildirib.
A.Artemyevin sözlərinə görə, artıq gələn ildən etibarən zavodda Azərbaycanın yerli pivə brendləri («Xırdalan», «33 Export», «Bizim Pivə», «Əfsanə» və s.), o cümlədən şirkətin istehsal etdiyi brendlər («Baltika», «Arsenalnoye», «Nevskoye» və s.) inkişaf olunacaq.
Tərəflər arasında baş tutmuş sövdələşmənin ümumi məbləğini açıqlamaq istəməyən A.Artemyev əlavə edib ki, artıq 2009-cu ilin may ayından etibarən Azərbaycanda «Baltika» pivələrinin istehsalına başlanacaq: «Biz Azərbaycanda yüksək keyfiyyətli pivə istehsal edəcəyik və artıq 2009-cu il ərzində «Baltika»nın 9, 7, 3 nömrələrini şüşə və dəmir qablarda, bundan başqa şirkətin istehsal etdiyi digər superpremium, premium, qənaətli və s. pivə məhsullarının istehsalına başlayacağıq».
Şirkətin prezidenti bildirib ki, əgər hazırda müəssisə ildə 0,7 mln. hektolitr pivə istehsal edirsə, «Baltika» şirkəti gələcəkdə bu rəqəmi 2 mln. hektolitrə çatdırmağı planlaşdırır: «Demək olar ki, Azərbaycanda pivə yalnız yay mövsümündə realizə olunur. Belə ki, 0,7 mln. hektolitrin bir çox hissəsi məhz yayda satılır».
Qeyd edə ki, Azərbaycanda ildə 2,4 mln. dekalitr (1 dekalitr=10 litr) pivə içilir. Yerli pivə bazarının 70%-ni «Xırdalan», qalan hissəsi isə «Efes» və «Baltika» pivələri arasında bölüşür. Ötən il ərzində Azərbaycanda pivənin adambaşına istehlak həcmi 6 litr təşkil edib, 2006-ci ildə isə bu rəqəm 3,9 litr olub.
Xatırladaq ki, müstəqil ekspertlərin fikrincə, Azərbaycanın iri pivə istehsalçısı olan «Bakı-Castel»in fransızlar tərəfindən satılmasının əsas səbəbi həmin ərəfədə avronun məzənnəsinin artması ilə əlaqədardır.
Xatırladaq ki, «Baltika» ASC «Bakı-Castel»in səhmlərinin 92%-ni alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR