Azərbaycanın əksər broyler müəssisələri ciddi problemlərlə üzləşib

Azərbaycanın əksər broyler müəssisələri ciddi problemlərlə üzləşib
# 16 oktyabr 2008 14:03 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. «Azərbaycanda fəaliyyət göstərən broyler müəssisələrinin fəaliyyətində problemlər yaranıb. Artıq «Siyəzən» və «Səba» broyler müəssisələri istisna olmaqla, qalan müəssisələr istehsalı azaldır. «Siyəzən» və «Səba» müəssisələrinin fəaliyyətinin normal davam etməsi isə onların maddi-texniki bazasının yüksək olması ilə bağlıdır». Bunu «APA-Economics»ə açıqlamasında Respublika Quşçular Cəmiyyətinin (RQC) sədri Aydın Vəliyev bildirib.
A.Vəliyevin sözlərinə görə, Azərbaycanda yem və yem əlavələri çox az olduğu üçün, yerli müəssisələr onları xarici ölkələrdən alır. Bununla yanaşı, ölkədə damazlıq bazasının olmaması da quşçuluq müəssisələrinin xərclərini artırır. Müəssisələr bu xərcləri ödəyə bilmədiklərinə görə son vaxtlar xarici ölkələrdən yeni məhsullar idxal edə və damazlıq yumurta qoya bilməyib.
A.Vəliyev əlavə edib ki, yerli quşçuluq müəssisələri üçün yem və yem əlavələri ƏDV-dən və gömrük rüsumlarından azad edilsə, 2015-ci ilədək ildə 80 min ton quş əti, 1,350 mlrd. ədəd yumurta istehsal edə bilər. «Lakin bu imkanlar olmadığı üçün 2007-ci ildə ölkədə 39 min ton quş əti, 700 mln. ədəd yumurta istehsal edilib», - deyə A.Vəliyev bildirib.
Qeyd edək ki, RQC-yə Azərbaycanda fəaliyyət göstərən 28 broyler və quşçuluq müəssisəsi üzvdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR