Azərbaycan bu il taxıl istehsalını 25% artırıb, pambıq istehsalını 41%, tütün istehsalını isə 22% azaldıb

Azərbaycan bu il taxıl istehsalını 25% artırıb, pambıq istehsalını 41%, tütün istehsalını isə 22% azaldıb
# 22 oktyabr 2008 12:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabrın 1-nə Azərbaycanda 860,9 min hektar taxıl sahəsi (qarğıdalısız) biçilib döyülüb və həmin sahələrdən ilkin çəkidə 2 334,9 min ton taxıl məhsulu götürülüb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hektarın orta məhsuldarlığı əvvəlki ilə nisbətən 0,9 sentner artaraq 27,1 sentnerə yüksəlib. Bundan başqa, cari ildə 30,5 min hektar qarğıdalı sahəsindən qıçaları quru dənə çevirməklə 146,3 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 47,8 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla, taxıl istehsalının ümumi həcmi keçən ilə nisbətən 24,7% və yaxud 491,2 min ton artaraq 2 481,2 min tona çatıb.
Mövsüm ərzində sahələrdən 1 027,8 min ton kartof, 1 137,2 min ton tərəvəz və 404,8 min ton bostan məhsulları toplanıb. Keçən ilin müvafiq dövrünə nisbətən kartof istehsalı 7%, tərəvəz istehsalı 1% artıb, bostan məhsulları istehsalı isə 1,4% azalıb. Eyni zamanda, hektarın orta məhsuldarlığı kartof üzrə 2 sentner, tərəvəz üzrə 3 sentner, bostan məhsulları üzrə 1 sentner artıb və müvafiq olaraq 153, 141 və 128 sentnerə yüksəlib.
Ötən ilə nisbətən cari ildə pambığın əkin sahəsinin 35,9% azalması məhsul istehsalında da özünü göstərib. Oktyabrın 2-si vəziyyətinə emal müəssisələrinə keçən ilin eyni dövründəkinin 59,4%-i qədər, yəni 24,5 min ton xam pambıq yığılıb satılıb.
Eyni vəziyyət tütünçülükdə də yaranıb. Əkin sahəsinin 17,7% azalması tütün yarpağı istehsalının 21,6% azalmasına səbəb olub və qurudulmuş çəkidə cəmi 1,7 min ton tütün yarpağı yığılıb.
Bu il 6,4 min hektar sahədə emal üçün şəkər çuğunduru əkilib. Hazırda bu məhsulun yığımına başlanılıb və hesabat tarixinə artıq 1,5 min hektar sahənin çuğunduru qazılıb və həmin sahələrdən hər hektardan 219 sentner olmaqla 31,8 min ton məhsul götürülüb.
Bundan başqa bu il 414 min ton və yaxud keçən ildəkindən 5,3% çox meyvə və giləmeyvə, 76,4 min ton və yaxud 8% çox üzüm məhsulu toplanıb. Yaşıl çay yarpağı yığımı 38,9% azalaraq 279,8 tona enib.
Cari ilin 9 ayı ərzində respublika üzrə diri çəkidə 226,2 min ton ət, 1 048,8 min ton süd, 750,2 mln. ədəd yumurta və 13,9 min ton yun istehsal edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,3%, süd istehsalı 2,8%, yumurta istehsalı 11,4%, yun istehsalı isə 3,1% artıb. Hesabat dövründə hər inək və camışdan orta hesabla 845 kq süd sağılıb.
Oktyabrın 1-nə ölkə üzrə 2 526,5 min baş qaramal, o cümlədən 1 221,3 min baş inək və camış, 8 237,4 min baş qoyun və keçi olub. Ötən il oktyabrın 1-i ilə müqayisədə qaramalın, o cümlədən inək və camışların sayı 2,2%, qoyun və keçilərin sayı isə 2,1% artıb.
Cari ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2 758,4 mln. manat olub və 2007-ci ilin 9 ayı ilə müqayisədə 8,3%, o cümlədən heyvandarlıq məhsullarının dəyəri 3,4%, bitkiçilik məhsulları 10,9% artıb.
Təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 405,3 min hektar və ya keçən ilin müvafiq dövründəkindən 12,8% çox sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün 29,4 min hektar və yaxud keçən ilə nisbətən 6,6% çox sahədə dən üçün payızlıqlar səpilib. Ümumi əkinin 12,9 min hektarı və ya 44%-i buğda, 16,4 min hektarı və ya 56%-i arpa əkinləridir.
Oktyabrın 1-i vəziyyətinə ölkənin meşəçilik təsərrüfatlarında istehsal edilmiş məhsul və xidmətlərin faktiki qiymətlərlə dəyəri 784 min manat olub. Həmçinin, balıqçılıqla məşğul olan təsərrüfatlar tərəfindən 95 min manat dəyərində balıq ovlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR