Ayətullah Hüseynəli Müntəziri dəfn edilib

Ayətullah Hüseynəli Müntəziri dəfn edilib
# 21 dekabr 2009 10:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dekabrın 20-də vəfat edən İranın dini liderlərindən olan ayətullah Hüseynəli Müntəziri dekabrın 21-də səhər saatlarında dəfn olunub. APA-nın xəbərinə görə, mərasim Məhəmməd peyğəmbərin nəvəsi Məsumə xanımın Qum şəhərində yerləşən ziyarətgahında keçirilib. Müntəziri digər ayətullahlarla bir sırada torpağa tapşırılıb.

Müxalif mövqeyi ilə seçilən ayətullah Müntəzirinin dəfn mərasimində İranın dini lideri Seyid Əli Xamneyinin, prezident Mahmud Əhmədinejadın və mövcud hakimiyyətin əleyhinə şüarlar səsləndirilib. Vəziyyətin nəzarətdən çıxacağından ehtiyatlanan hüquq-mühafizə orqanlarının əməkdaşları kütləni sakitləşdirə bilib. Dəfndə müxalif yönümlü siyasi liderləri iştirak etməsə də, onların nümayəndələri mərasimə qatılıb.

Qeyd edək ki, ayətullah Hüseynəli Müntəziri 1922-ci ildə İsfahan şəhərində dünyaya gəlib. O, 1979-cu ildə İranda baş verən islam inqilabının ideoloqlarından biri olub. Lakin müxalif fikirlərinə, dinin dövlətdən ayrı olmasının zəruriliyi ilə bağlı açıqlamalarına görə 2002-2007-ci illərdə ev dustağı edilib. H. Müntəziri bu il İranda keçirilən prezident seçkilərinin nəticələrinə də etirazını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR