Ayətullah Müntəzirinin dəfn mərasimi İranda hökumət əleyhinə nümayişə çevrilib

Ayətullah Müntəzirinin dəfn mərasimi İranda hökumət əleyhinə nümayişə çevrilib
# 21 dekabr 2009 14:01 (UTC +04:00)
Bakı – APA. İranda ayətullah Hüseyn Əli Müntəzirinin dəfn mərasimi hökumət əleyhinə nümayişə çevrilib. APA-nın Qərb kütləvi informasiya agentliklərinə istinadən verdiyi məlumata görə, dəfn mərasiminin keçirildiyi Qum şəhərində on minlərlə insan küçələrə çıxıb. Müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin də qatıldığı dəfn mərasimində “Diktatora ölüm!”, “Müntəziri ölməyib, hökumət ölüb!”, “Diktator, Müntəzirinin işi davam etdiriləcək!” şüarları səsləndirilib. İrandakı müxalifyönlü saytlar nümayişçilərlə polis arasında toqquşmalar olduğunu xəbər veriblər. Bir qrup müxalifət tərəfdarının polisi daşa basdığı bildirilir. Hakimiyyət orqanları medianın işinə ciddi maneçiliklər törədib. Xarici KİV dəfn mərasiminə buraxılmayıb.

Qeyd edək ki, ayətullah Müntəziri dekabrın 20-də 88 yaşında vəfat dib. O, islam inqilabı dövründə imam Xomeyninin yaxın silahdaşı olub. Lakin daha sonra müxalifətə keçib və Qərb dünyasına münasibətdə daha yumşaq siyasət aparılmasının tərəfdarı kimi çıxış edib. Müntəziri 1997-ci ildə 5 il müddətinə ev dustaqlığı ilə cəzalandırılıb. Ayətullah bu ilin iyununda ölkədə keçirilən prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığını bəyan edən müxalifətə dəstək verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR