İran və Ukrayna XİN rəhbərləri telefon danışığı aparıb

İran və Ukrayna XİN rəhbərləri telefon danışığı aparıb
# 15 iyul 2022 18:22 (UTC +04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb.

APA-nın Tehran bürosunun məlumatına görə, baş tutan telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətləri, bəzi regional və beynəlxalq məsələləri, o cümlədən Ukrayna böhranını müzakirə ediblər.

Hüseyn Əmir-Abdullahian telefon danışığında bir daha İran İslam Respublikasının müharibəyə qarşı prinsipial mövqeyini vurğulayıb və bildirib ki İran böhranın əvvəlindən elan edib ki, Əfqanıstan, Yəmən, Fələstində olduğu kimi, Ukraynada da müharibənin əleyhinədir:

“Bizim əməli siyasətimiz də eyni prinsipə uyğundur və biz münaqişələrin davam etməsinə və genişlənməsinə səbəb olan hər hansı hərəkətin əleyhinəyik”.

O, Amerikanın Milli təhlükəsizlik müşavirinin Ukraynaya qarşı müharibədə istifadə edilmək üçün Rusiyaya İran pilotsuz təyyarələrinin göndərilməsi ilə bağlı İrana qarşı bir müddət əvvəl səsləndirdiyi əsassız ittihamları rədd edərək Baydenin Yaxın Şərqə səfəri ilə eyni vaxtda belə iddialar səsləndirilməsinin xüsusi siyasi məqsədlərə uyğun olduğunu bildirib.

O qeyd edib ki, İran İslam Respublikasının müharibəyə qarşı çıxmaq və müharibənin dayandırılmasını dəstəkləməkdə prinsipial və aydın mövqeyi bəzi Qərb ölkələrinin ikili yanaşması kimi ikili standarta əsaslanmır:

"İran İslam Respublikası Ukraynada müharibənin dayandırılması və böhranın həlli istiqamətində səylərini davam etdirir. Tehran Ukrayna ilə hərtərəfli əlaqələri, o cümlədən iqtisadi və kənd təsərrüfatı sahələrinin inkişafında maraqlıdır”.

Ukrayna XİN başçısı telefon danışığında İran İslam Respublikasına müharibəyə qarşı çıxdığına görə təşəkkür edib və vurğulayıb ki, onlar müharibənin başlandığı ağır günlərdə İran və Ukrayna xarici işlər nazirləri arasında qurulmuş davamlı əlaqəni yüksək qiymətləndirir:

“Sizinlə razıyam ki, biz başqalarının ittihamlarının Kiyev və Tehran arasında dostluq münasibətlərinə xələl gətirməsinə imkan verməməliyik”.

Ukraynanın xarici işlər naziri ikitərəfli əlaqələrinin hərtərəfli genişləndirilməsinə hazır olduğunu bəyan edib və Kiyevin Tehranla münasibətlərin yeni səhifəsini açmağa hazır olduğunu bəyan edib.

O, ölkəsindəki son müharibə vəziyyətini izah edərkən, Tehrana atəşkəsin yaradılmasına kömək etmək və siyasi həll yoluna diqqət yetirmək səylərinə görə təşəkkür edib.

O, İran xarici işlər nazirini Ukraynaya rəsmi səfərə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR