Cümhuriyyətin 100 ilində böyük həmrəyliyə ehtiyac var. Bu gün birlik, min illik qardaşlığımızı möhkəmləndirmək günüdür.
APA-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində bildirib.
Rəcəb Tayyib Ərdoğan küskünlükləri bir kənara qoymağa, Türkiyə Yüz İlinin inşasını dəstəkləməyə çağırıb: “Dəvətimə qatılan bütün vətəndaşlarımıza indidən təşəkkür edirəm”.
Türkiyə Prezidenti qeyd edib ki, prezident seçkilərinin 14 mayda keçirilən birinci və 28 mayda keçirilən ikinci turunun öz mənası var: “Millətimiz əsər yaratmağa və xidmət göstərməyə davam etməyimizi istəyib. Atılan diktatura və avtoritarizm iftiralarının içərisinin tamamilə boş olduğu göründü. Bu seçkilərdə Türkiyə Yüz İli təklifinin insanımız tərəfindən qəbul edildiyini gördük. Qarşıdakı 5 ildəki planlarımızı həyata keçirəcək, seçkidə xalqımıza verdiyimiz vədlərin təqibçisi olacağıq. Verdiyimiz bütün vədləri bir-bir həyata keçirəcəyik. İnkişafımızı yeni bir Konstitusiya ilə möhkəmləndirəcəyik. Atatürkün “Yuradda sülh, cahanda sülh” şüarını praktikada həyata keçirəcəyik. Bundan sonra qlobal problemilərin həllində daha çox səy göstərən, məzlumlara daha çox arxa çıxan bir Türkiyə görəcəyik”.
Rəcəb Tayyib Ərdoğan nəzərə çatdırıb ki, yeni dönəmdə terror təşkilatları ilə daha qətiyyətlə mübarizə aparan, Mavi Vətəndə haqlarını qətiyyətlə qoruyan, demokratik haqları daha çox qoruyan, daha aktiv bir Türkiyə olacaq: “Türkiyənin adını bütün dünyada yüksəltməyə söz veririk. Türkiyənin, xalqımızın maraqlarını hər zəmində qoruyacağımıza söz veririk. Bu gündən Türkiyə Yüz İlinin inşası üçün bismillah deyirik”.
Türkiyə Prezidenti Cümhur İttifaqında təmsil olunan partiyaların liderlərinə, o cümlədən prezident seçkilərinin ikinci turunda ona dəstək verən Sinan Oğana da təşəkkürünü çatdırıb.