Almaniya “Avropa üçlüyü”nün (Almaniya, Fransa və Böyük Britaniya) İran ilə danışıqlar apardığını təsdiqləyib.
APA xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi (XİN) "Twitter"də məlumat yayıb.
Nazirlik Fransa, Almaniya və Britaniya diplomatlarının İran tərəfi ilə görüş keçirdiyini lakin görüş zamanı JCPOA (Birgə Hərtərəfli Fəaliyyət Planı) ilə bağlı heç bir müzakirənin aparılmadığını açıqlayıb.
“İranın bir çox sahələrdə eskalasiyası qarşısında mövqelərimizi çox aydın şəkildə ifadə etmək üçün İran ilə Böyük Britaniya, Fransa və Almaniya diplomatlarının görüşü baş tutub. Lakin JCPOA ilə bağlı heç bir danışıq aparılmayıb” , - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl IRNA agentliyi İran xarici işlər nazirinin müavini Əli Baqeri Kəni və avropalı diplomatların ötən həftə nüvə sazişi ilə bağlı Norveçdə görüşdüyünü bildirib.
Qeyd olunub ki, Osloda baş tutan görüşdə Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora da iştirak edib.