İspaniyanın Baş naziri Pedro Sançez (Pedro Sánchez) bu gün Çinə səfəri çərçivəsində Si Cinpinlə görüşü zamanı ondan Rusiyaya silah verməməyi xahiş edəcək.
APA xəbər verir ki, bu barədə İspaniyanın “El Mundo” nəşri yazıb.
Nəşrin yazdığına əsasən, İspaniya hökuməti hesab edir ki, Ukraynada münaqişə gələn ilin sonuna qədər davam edə bilər.
“İspaniya Krallığının Nazirlər Kabineti Ukraynadakı münaqişənin həlli yollarının axtarışına rəsmi Pekinin də fəal şəkildə qoşulmasına çox müsbət yanaşır. Madrid bu münaqişədə Kiyevi dəstəkləməyə davam etməyə hazırdır” – deyə nəşr bildirib.
Hökumətdəki mənbələrinə əsaslanan nəşr onu da əlavə edib ki, İspaniyanın Ukraynaya hərbi yardımı çərçivəsində Kiyevin ehtiyacı olan döyüş təyyarələrinin göndərilməsi də istisna edilmir.
Xatırladaq ki, bir müddət öncə İspaniya hökuməti Kiyevə qırıcı təyyarələr verməyəcəyini bəyan etmişdi.