NATO Rumıniyaya müşahidə təyyarələri göndərir

NATO Rumıniyaya müşahidə təyyarələri göndərir
# 13 yanvar 2023 13:41 (UTC +04:00)

NATO Rumıniyanın paytaxtı Buxarestə Havadan Xəbərdarlıq və Nəzarət Sistemi (AWACS) müşahidə təyyarələrini göndərməyə hazırlaşır.

APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Təyyarələrin yanvarın 17-də Buxarestə göndərilməsi planlaşdırılır. Bu təyyarələr Alyansın regionda gücləndirilmiş mövcudluğunu dəstəkləyəcək və Rusiyanın hərbi fəaliyyətini izləyəcək.

"Rusiyanın Ukraynadakı qeyri-qanuni müharibəsi Avropada sülh və təhlükəsizliyi təhdid etməkdə davam etdiyi üçün NATO-nun müttəfiq ərazilərinin hər qarışını qorumaq və müdafiə etmək əzminə heç bir şübhə olmamalıdır”, - NATO sözçüsü Oana Lungesku bildirib.

Qeyd edək ki, 2022-ci ilin fevral ayından etibarən NATO AWACS Rusiya döyüş təyyarələrini NATO sərhədləri yaxınlığında izləmək üçün Şərqi Avropa və Baltik dənizi regionunda müntəzəm patrullar həyata keçirir.

NATO-nun mətbuat xidmətinin məlumatında qeyd olunub ki, AWACS yaxın günlərdə Alyansın ərazisi üzərində kəşfiyyat uçuşlarına başlayacaq. Missiyanın bir neçə həftə davam etməsi planlaşdırılır. Təyyarələr Almaniyanın Qaylenkirhen şəhərində yerləşən NATO-nun 14 müşahidə təyyarəsindən ibarət donanmaya aiddir.

NATO-nun mətbuat xidmətinin məlumatında qeyd olunub ki, təxminən 180 hərbçi Rumıniya Hərbi Hava Qüvvələrinin Buxarest yaxınlığındakı Otopeni bazasını yerləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR