Böyük Britaniyanın Baş naziri Rişi Sunak bu gün səhər saatlarında İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıb və onu yenidən vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
APA-nın London müxbiri xəbər verir ki, liderlər Böyük Britaniya-İsrail əlaqələrini inkişaf etdirmək üçün birgə işləməyi səbirsizliklə gözlədiklərini bildiriblər.
Qeyd edilib ki, ticarət sahəsində Böyük Britaniya artıq İsrailin Avropadakı ən mühüm tərəfdaşıdır. Liderlər razılaşıblar ki, hazırda müzakirə olunan Böyük Britaniya-İsrail Azad Ticarət Sazişi texnologiya və xidmətlər kimi sahələrdə hər iki ölkə üçün əlavə imkanlar aça bilər.
“Rişi Sunak və Baş nazir Netanyahu həmçinin Böyük Britaniya və İsrail arasında təhlükəsizlik məsələlərində əməkdaşlığı müzakirə ediblər, hər iki ölkədə regional sabitliyin təşviqində maraqlı olduğunu qeyd ediblər”, - Britaniya Baş nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada deyilir.