ABŞ-da son 7 ildə ilk dəfə ÜDM-nin azalması qeydə alınıb

ABŞ-da son 7 ildə ilk dəfə ÜDM-nin azalması qeydə alınıb
# 31 oktyabr 2008 08:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 30-da Amerika bazarlarında Dow Jones indeksi 2,11% - 9180,69 bəndədək, S&P 500 2,58% - 954,09 bəndədək, Nasdaq isə 2,49% - 1698,52 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, oktyabrın 30-da kotirovkaların yüksəlməsinin əsas səbəbi ABŞ-da III rüb ərzində ÜDM-nin faktiki azalmasının proqnozlardan aşağı səviyyədə olması ilə bağlıdır. Belə ki, ABŞ-da ÜDM-nin rüblük azalması 0,5% səviyyəsində proqnozlaşdırılsa da, real azalma 0,3% təşkil edib. Qeyd edək ki, bu, son 7 il ərzində müşahidə olunan ilk ÜDM azalmasıdır. Bundan əlavə, oktyabrın 29-da Federal Ehtiyat Sistemi tərəfindən faiz dərəcəsinin 1%-ə endirilməsi bazara müsbət təsir göstərib.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 1,16% - 4291,65 bəndədək, Fransa CAC-40-ı 0,15% - 3407,82 bəndədək, Almaniya DAX-ı isə 1,26% - 4869,30 bəndədək yüksəlib. Avropada kotirovkaların yüksəlməsinə ilk növbədə ABŞ-da olan müsbət tendensiyalar və Avropa şirkətlərinin rüblük hesabatlarının proqnozlardan daha pozitiv olması təsir edib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2809 dollar təşkil edib (-2,6%).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR