Azərbaycanın “Qədim Şərq” ansamblı Kaliforniya Universitetində çıxış edib

Azərbaycanın “Qədim Şərq” ansamblı Kaliforniya Universitetində çıxış edib
# 23 aprel 2007 11:11 (UTC +04:00)
Kaliforniya Universitetində Azərbaycan muğam ustalarının çıxışı olub. APA-nın ABŞ bürosunun məlumatına görə, hər il bu ali təhsil müəssisəsində qondarma “erməni soyqırımı” ilə bağlı təmtəraqlı tədbirlər keçirilir. Bu il həmin tədbirlərdən öncə universitetdə Azərbaycan muğam ustaları geniş konsert proqramı ilə çıxış ediblər. Qarabağ müharibəsi veteranı, “Qadim Şərq” ansamblının üzvü Ocaq Əsgərovun ifa etdiyi “Qarabağ şikəstəsi”, “Şuşanın dağları” və sair mahnılar tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunub. “Qədim Şərq” ansamblının ABŞ-dakı konserti Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Azərbaycanın Los-Ancelesdə Baş Konsulluğu və Amerika-Azərbaycan Şurasının dəstəyi ilə həyata keçirilib. Mərasimdən sonra çıxış edən Azərbaycanın Los-Ancelesdə baş konsulu Elin Suleymanov bildirib ki, musiqiçilərimiz öz ifaları ilə Azərbaycanı layiqincə təbliğ edirlər: “Burada çıxış edən musiqiçilərimiz ölkəmizi bizim sözlə təbliğ etməyimizdən daha yaxşı təbliğ ediblər. Azərbaycan musiqisinin beşiyi Qarabağdır və əslən Qarabağdan olan ifaçılar həmin torpağın ürəyidir. Ona görə Qarabağı onlardan yaxşı təbliğ etmək çətindir”. “Qədim Şərq” ansamblının bədii rəhbəri Sənubər Bağırovanın APA-ya verdiyi məlumata görə, Los-Ancelesdə keçirilən konsert onların ABŞ-a qastrol çərçivəsində nümayiş etdirdiyi sonuncu proqram olub. “Ansambl bundan əvvəl Viskonsin və Montanada uğurlu konsertlər veriblər. 10 gün davam edən səfər yerli mətbuatın marağına da səbəb olub. Montana ştatında yaşayan Azərbaycan üzrə mütəxəssis Tomas Qoltz isə “Qədim Şərq” barədə yerli televiziyaya film çəkmək qərarına gəlib”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR