Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətində görüş keçirilib

Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətində görüş keçirilib
# 25 aprel 2007 13:05 (UTC +04:00)
Surəddin Hümbətovun rəhbərlik etdiyi Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Buxarestdə səfərdədir. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, nümayəndə heyəti bu ölkədəki Azərbaycan icması və lobbi təşkilatlarının nümayəndələri ilə görüşüb. Görüşdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin və Rumıniya-Azərbaycan Gənclər və Dostluq Assosiasiyasının təmsilçiləri də iştirak edib. Dövlət komitəsinin nümayəndələri Azərbaycan və onun tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, hazırda regionda gedən proseslər haqqında ətraflı məlumat verib, gələcək fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparıblar. RADC-nin baş katibi, keçmiş senator, akademik İoan Pop de Popa Rumıniyada görülən işlər haqqında hesabat verərək indiyə qədər təşkilatın xətti ilə bir çox rumın müəlliflərin əsərlərinin Azərbaycan, Azərbaycan yazıçılarının əsərlərinin isə rumın dilinə tərcümə edildiyini, mədəni əlaqələrin getdikcə genişləndirildiyini bildirib, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının parçalanması ilə Bessarabiya və Dnestryanı problemləri arasında paralellər aparıb. RADC-nin rəhbərlərindən yazıçı-tərcüməçi Dumitru Balan isə Azərbaycan-Türkiyə diasporlarının birgə forumundan aldığı təəssüratları bölüşüb və Buxarestdə Heydər Əliyev parkında aparılan abadlıq işləri haqqında məlumat verib. Toplantının sonunda Rumıniyadakı diaspor təşkilatları adından qondarma erməni soyqırımı haqqında aparılan yalan təbliğatı pisləyən müraciət qəbul olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR