Nijnı Novqorodda "Mənim Azərbaycanım Rusiyada" devizi altında tədbirlər keçiriləcək

Nijnı Novqorodda "Mənim Azərbaycanım Rusiyada" devizi altında tədbirlər keçiriləcək
# 02 may 2007 10:25 (UTC +04:00)
Mayın 7-də “Azerbaijan & Sons” (“Azərbaycan və oğulları”) Beynəlxalq Mərkəzi bir neçə ictimai-siyasi təşkilatla birlikdə Rusiyanın Nijnı Novqorod şəhərində indiyə qədər analoqu olmayan tədbir keçirəcək. "Moy Azerbaydjan v Rossii", "S lyubovyu k Rossii i rossiyanam" devizi altında keçiriləcək bu layihə-tədbirə dünyanın bir çox ölkələrində yaşayan tanınmış azərbaycanlılar, Milli Məclisin qadın deputatları, Azərbaycan mədəniyyət və incəsənət ustaları, televiziya, radio, aparıcı qəzet və informasiya agentliklərinin nümayəndələri dəvət ediliblər. Tədbirin keçirilməsi ideyası Nijnı Novqorod şəhərinin rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Azərbaycan nümayəndə heyətini aparıb-gətirmək üçün "AZAL" tərəfindən xüsusi təyyarə reysi ayrılıb. Tədbir bir gün davam edəcək. Qonaqlar öncə Böyük Vətən Müharibəsində həlak olmuş müharibə iştirakçılarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəcəklər. Sonra Nijnı Novqorod Kremli ilə tanışlıq olacaq və 100-ə yaxın azərbaycanlının təhsil aldığı 96 saylı məktəbin nəzdində yaradılan, 300-dən çox azərbaycanlı balasına Azərbaycan tarixini, mədəniyyətini, adət-ənənələrini öyrədəcək bazar günü məktəbinin açılışı keçiriləcək. Axşam isə şəhərin "Lokomotiv" stadionunda 15-20 min azərbaycanlının, mədəniyyət və incəsənət ustalarının, Nijnı Novqorodda fəaliyyət göstərən musiqi, rəqs qruplarının iştirakı ilə şou-konsert keçiriləcək. Sonda atəşfəşanlıq olacaq.
Qeyd edək ki, 2 milyon əhalisi olan Hijnı Novqorodda 120 minə yaxın azərbaycanlı yaşayır. Şəhərdə soydaşlarımıza məxsus bir neçə ictimai-siyasi və mədəniyyət mərkəzləri fəaliyyət göstərir, qəzetlər nəşr olunur. Hazırda "Azərbaycan və oğulları" Beynəlxalq Mərkəzinin nəzdində Ali Məsləhət Şurası, Qadınlar Klubu, 25 nəfərdən ibarət musiqi qrupu, məktəbli, tələbə və idmançılardan ibarət rəqs qrupu, "Azərbaycan cavanları" klubu fəaliyyət göstərir. "Dostluq" Mədəniyyət Mərkəzinin isə Azərbaycan dilində "Dostluq" qəzeti nəşr olunur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR