Almaniyada Azərbaycan diaspor təşkilatlarının Məşvərət Şurası yaradılıb

Almaniyada Azərbaycan diaspor təşkilatlarının Məşvərət Şurası yaradılıb
# 06 iyul 2007 15:15 (UTC +04:00)
Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Məşvərət Şurası yaradılıb. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Bu münasibətlə Almaniyanın Maynts şəhərində keçirilən tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da iştirak edib. Səfir bildirib ki, Almaniyanın Azərbaycana marağı getdikcə artır və bütün sahələrdə əməkdaşlıq genişlənir, bu günlərdə Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Almaniya Enerji Forumu da münasibətlərin daha bir təzahürüdür. Tədbirdə iştirak edən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Almaniyadakı diaspor təşkilatlarımız və onların Dövlət Komitəsi üçün kəsb etdiyi əhəmiyyət barədə danışıb. Məşvərət Şurasında birləşən Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatların birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, Şuranın yaradılmasının əsas məqsədi Azərbaycanın Avropaya inteqrasiya siyasətini dəstəkləmək, Azərbaycan həqiqətlərinin, o cümlədən xalqımızın məruz qaldığı terror və soyqırımı aktları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri barədə məlumatların Almaniya və bütün Avropa ictimaiyyətinə çatdırılmasına yardım etmək, Almaniyada və digər Avropa ölkələrində Azərbaycan xalqının qədim tarixi, zəngin mədəni irsinin təbliği ilə məşğul olmaq, Almaniyadakı Azərbaycan icmalarının fəaliyyətinin koordinasiya edilməsi üçün səyləri birləşdirməkdir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR