Filadelfiyada Azərbaycandan uşaq himayə götürən amerikalı ailələrin 6-cı toplantısı keçiriləcək

Filadelfiyada Azərbaycandan uşaq himayə götürən amerikalı ailələrin 6-cı toplantısı keçiriləcək
# 07 iyul 2007 09:49 (UTC +04:00)
Cəmiyyətin prezidenti Tomris Azərinin APA-ya verdiyi məlumata görə, ölkənin şərqindəki Pensilvaniya ştatının Filadelfiya şəhərində keçiriləcək yığıncaq Azərbaycandan balaca oğlanı himayəyə götürmüş Qrabovski ailəsinin evində baş tutacaq. Azərbaycan muğamının ABŞ-da elçisi sayılan Cefri Verbax qonaqlar qarşısında xüsusi musiqi proqramı ilə çıxış edəcək. Bundan başqa tədbirdə “Azerbaijan International” jurnalının redaktoru Betty Blairin təşəbbüsü ilə Azərbaycan məktəblilərinin əl işlərinin satışı keçiriləcək. Sənətkar Sevinc Əzimovanın divar xalçaları, oyuncaqlar üçün tikilmiş milli folklor nümunələri də satışa çıxarılacaq. Hərracdan əldə olunan vəsait Ümumdünya Uşaq Evləri Fonduna keçiriləcək. Qeyd edək ki, bu fond Azərbaycanda ehtiyacı olan kimsəsiz uşaqlara tibbi yardımlar göstərir. Azərbaycandan himayəyə uşaq götürən ailələrin ilk toplantısı 2002-ci ildə Tennesi ştatında yaşayan və ölkəmizdən ilk uşaq himayəyə götürən Kim Abernathy ailəsində baş tutub. Bundan sonra eyni toplantılar Kanzas City, Nyu-York, Sietl və İndianapolis şəhərlərində keçirilib. Son illər ərzində Azərbaycandan uşaq himayə edən valideynlərin toplantısına Vaşinqton, Tennesi, Missuri, Kanzas, Şimali Karolina, Vircinya, Pensilvaniya, Nyu-Cersi, Konnektikut və Nyu-York ştatlarından onlarla ailələr qatılıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR