Aleks Şapiro-Suliman: “Azərbaycan-İsrail dostluğu heç kimə qarşı yönəlməyib”

Aleks Şapiro-Suliman: “Azərbaycan-İsrail dostluğu heç kimə qarşı yönəlməyib”
# 09 iyul 2007 09:38 (UTC +04:00)
“Azərbaycan İsrail üçün uzun müddət mühüm strateji tərəfdaş olacaq”. Bu sözləri APA-nın İsrail bürosuna müsahibəsində Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, tanınmış iş adamı Aleks Şapiro-Suliman deyib. O bildirib ki, İsrail rəsmi Bakı ilə münasibətləri qarşılıqlı hörmət, ehtiram və bərabərhüquqluluq üzərində qurmağa çalışır: “Bu gün Azərbaycanla İsrail arasında siyasi və iqtisadi münasibətlər yüksək səviyyədə inkişaf edir. Rəsmi şəxslər qarşılıqlı səfər mübadilələri həyata keçirirlər. Bundan başqa, İsrail Bakı-Tiflis-Ceyhan neft kəməri vasitəsilə Azərbaycandan neft alır. Hesab edirəm ki, İsrail-Azərbaycan əlaqələrinin yaxşı perspektivləri var”. A. Şapiro-Suliman qeyd edib ki, iki ölkənin səhiyyə, energetika, sənaye, rabitə, nəqliyyat, inşaat və digər sahələrdə də əməkdaşlıq etmək imkanları var: “Azərbaycanla İsrail qarşılıqlı maraq və təmas nöqtələrini artıq tapıb. Düzdür, bədxahlarımız münasibətlərimizin inkişafından narahatdırlar. Amma onlar bilməlidirlər ki, biz heç kimə qarşı dostluq etməyə hazırlaşmırıq, bu dostluğumuz heç bir dövlətə qarşı yönəlməyib. Birgə layihələrimizə digərlərinin də qoşulmasını gözləyirik. Mən Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının vitse-prezidenti və biznesmen olaraq iki ölkənin fiziki və hüquqi şəxslərinin əməkdaşlığının genişlənməsi üçün lazım olan köməyi edəcəyəm. Cəsarətlə deyə bilərəm ki, Azərbaycanın İsraildə güvənəcəyi ünvan Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasıdır. Azərbaycanın ləyaqətli övladları onun milli maraqlarını burada əsl diaspor kimi qoruyurlar”. Tanınmış iş adamı iki ölkənin parlamentləri, dövlət və qeyri-hökumət təşkilatları arasında əlaqələrin dərinləşməsinin vacibliyini vurğulayıb: “Sirr deyil ki, İsrail şirkətlərinin Azərbaycanın neft yataqlarına böyük marağı var. Ona görə də İsrail Azərbaycanın yanacaq-energetika sahəsində birgə layihələrin dəstəklənməsi barədə siyasi qərar qəbul edib. Artıq İsrailin müvafiq şirkətlərinin Azərbaycanın neft layihələrində iştirakı üçün məsləhətləşmələr aparılır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR