Nazim İbrahimov Almaniyaya səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib

Nazim İbrahimov Almaniyaya səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib
# 12 iyul 2007 16:46 (UTC +04:00)
APA-nın məlumatına görə, komitə sədri səfərin Almaniyanın Maynz şəhər bələdiyyəsinin başçısı Yens Botelin dəvəti ilə reallaşdığını, səfər çərçivəsində Avropa Azərbaycanlıları Konqresinin (AAK) İcraiyyə Komitəsinin iclasında, Köln şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresinin (DAK) qurultayında iştirak etdiyini deyib. Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatlarının Məşvərət Şurasının yaradılması mühüm addım adlandıran komitə sədri AAK-ın yaxın iki illik fəaliyyət proqramının təsdiqləməsini yüksək qiymətləndirib. N. İbrahimovun sözlərinə görə, AAK-ın fəaliyyət proqramının təsdiqlənməsi qurumun Avropada daha da ön mövqeyə çıxmasına səbəb olacaq. DAK-ın 9-cu qurultayı ilə bağlı fikirlərini bölüşən komitə sədri tədbirin demokratik şəraitdə keçirildiyini bildirib və Cənubi Azərbaycan məsələsindən başqa digər sahələrdə bu təşkilatın işində birgə olacaqlarını bəyan edib: “İran bizim qonşu və dost dövlətdir, ona görə onların daxili işlərinə qarışa bilmərik. Amma digər məsələlərdə Dünya Azərbaycanlıları Konqresi ilə birgə olmağa hazırıq”. N. Ibrahimov bir müddət əvvəl Bakıda səfərdə olan Maynz bələdiyyə başçısının artıq ölkəsində Azərbaycanla bağlı təbliğata başladığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, Yens Botel Maynz şəhərində 147 min nəfər seçicisinə “Bakı haradadır?” adlı məktub göndərib. Komitə sədri Azərbaycan diaspora təşkilatlarının yəhudi diaspor qurumları ilə əməkdaşlığı bundan sonra da davam edəcəyini bildirib. Yəhudi diasporunun görkəmli nümayəndələrindən olan İshak Nazarianla ilə bu yaxınlarda görüşdüyünü bildirən N. İbrahimov deyib ki, əslən Azərbaycandan olan bu şəxsin Azərbaycan diasporu ilə əməkdaşlığı olduqca mühüm məsələdir: “Bu yaxınlarda APA agentliyi ondan müsahibə götürmüşdü. O, Azərbaycanla bağlı fikirlərini həmin müsahibədə açıqlamışdı. Bu şəxsin ABŞ-da, İsraildə böyük nüfuzu var. O, təkcə bir ildə dünyanın müxtəlif ölkələrində 5 mindən çox tələbənin oxumasına yardım edir. İshak Nazarian mənə bildirdi ki, Azərbaycan diasporuna kömək etməyə hazırdır”. Komitə sədri Amerikada yaşayan bir çox soydaşlarımızın özlərini azərbaycanlı saymadıqlarını təəssüflə diqqətə çatdırıb. Onun sözlərinə görə, belə şəxslər əsasən əslən İrandan olan azərbaycanlılardır: “Kaliforniyada böyük bir təşkilatda birləşən soydaşlarımız özlərinə azərbaycanlı yox, iranlı sayırlar. Biz onların Azərbaycan diasporu ilə yaxınlaşmasını istəyirik”. /APA/








#
#

ƏMƏLİYYAT İCRA OLUNUR