Dünya Azərbaycanlıları Konqresinin yeni sədri Qulamrza Səbri Təbrizi mətbuat konfransı keçirib

Dünya Azərbaycanlıları Konqresinin (DAK) yeni sədri Qulamrza Səbri Təbrizi və İdarə Heyətinin yeni üzvləri qurumun Bakı ofisinin qərargahında bu gün mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, iyulun 7-8 tarixlərində Almaniyanın Köln şəhərində keçirilən DAK-ın IX qurultayı barədə məlumat verən Q. Təbrizi onun tam demokratik keçirildiyini vurğulayıb. 5 ildən artıq Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədr müavini olduğunu deyən sədr bildirib ki, vətən naminə bütün azərbaycanlılar birləşməlidir: “İkiyə bölünmüş DAK-ın da birləşməsi vacibdir. İnanıram ki, biz birləşəcəyik. Hamımız dövlətimizə xidmət etməliyik. İqtidar və müxalifət məsələsinə diasporun siyasətində yer yoxdur”. Qurultayla bağlı məlumat verən qurumun İdarə Heyətinin üzvü Vaqif Sultanlı tədbirdə 20 ölkədən 20 nümayəndənin iştirak etdiyini bildirib. O, 1997-ci ildən yaranan DAK-da sədrin İdarə Heyəti tərəfindən seçildiyini, VIII qurultayda isə Nizamnaməyə edilən dəyişikliklə sədri seçmək səlahiyyətinin qurultaya verildiyini vurğulayıb: “Amma bu dəyişikliklər təşkilatın işinə maneçilik törədirdi. Ona görə də IX qurultayda Nizamnamə yenidən dəyişdirildi və sədri seçmək səlahiyyəti yenidən İdarə Heyətinə verildi”. Yeni Nizamnaməyə əsasən DAK-ın Məclisi ləğv olunub və 17 nəfərdən ibarət İdarə Heyəti yaradılıb. Burada Avropa və Amerika ölkələrindən 9, MDB ölkələrindən 4, Azərbaycandan da 4 nəfər daxildir. Qurultayda 7 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası yaradılıb. DAK-ın sədr müavini Sabir Rüstəmxanlı bu quruma cəmiyyətin diqqətinin daha da artdığını qeyd edib. İran tərəfindən yönəldilən müəyyən qüvvələrin, həmçinin diasporun güclənməsini istəməyən dairələrin DAK-ın parçalanmasında maraqlı olduğunu deyən S. Rüstəmxanlı qurultayın baş tutmaması üçün də iş aparıldığını qeyd edib: “Lakin onların bu niyyətləri baş tutmadı və DAK qurultaydan üzüağ çıxdı. DAK türk dünyası ilə inteqrasiya istiqamətində fəaliyyəti gücləndirəcək. Artıq Türkiyədə də türk birliyinin yaradılmasının vacibliyini dərk edirlər”. S. Rüstəmxanlı DAK-ın televiziyasının açılması məsələsinin gündəmdə olduğunu qeyd edib. /APA/
Diaspor

“Mehdinin Xidmətçiləri Birliyi”nin terror təşkilatı kimi tanınması tələb edilir

Pənahəli xanın nəslinin nümayəndəsi Ağdamda olub - FOTO

Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsi başa çatıb
