Nazim İbrahimov: “Mənim fikrimə etiraz edənlər populist çıxışlar etmək əvəzinə, ortaya daha dolğun fikir qoysunlar”

Nazim İbrahimov: “Mənim fikrimə etiraz edənlər populist çıxışlar etmək əvəzinə, ortaya daha dolğun fikir qoysunlar”
# 23 iyul 2007 10:17 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun verib. Komitə sədri bir müddət əvvəl Gürcüstanda Azərbaycan dilində təhsil verən məktəblərin bağlanması ilə bağlı səsləndirdiyi fikirlərin, əslində ictimaiyyəti hərəkətə gətirmək üçün ortaya atılan ideya olduğunu deyib. N. İbrahimov bildirib ki, onlar Gürcüstandakı Azərbaycan məktəblərində texniki fənlərin gürcü, humanitar fənlərin isə Azərbaycan dilində tədris olunmasını istəyirlər: “Əslində söhbət oradakı məktəblərin bağlanmasından yox, mövcud təhsil sistemində radikal dəyişikliklərin aparılmasından gedir. Məqsədimiz Gürcüstanda yaşayan azərbaycanlı gənclərin gürcü dilini öyrənməsinə nail olmaqdır”. N. İbrahimov səsləndirdiyi fikirlərin cəmiyyətdə radikal qarşılanacağını əvvəlcədən bildiyini də deyib: “Mənim fikirlərin subyektiv olub və belə radikal qarşılanacağını əvvəlcədən bilirdim. Hər halda biz yaranmış mübahisədən rasional ideya doğmasını istəyirik. Mövcud vəziyyətin qalması orada azərbaycanlıların təhsil problemini həll etməyəcək. Bunu hamı çox gözəl bilir. Hər il Gürcüstanda orta məktəbi bitirən şagirdlər nə Gürcüstanda, nə də Azərbaycanda ali təhsil ala bilirlər. Gələcək nəsillər bu problemin həll edilməməsinə görə bizi günahlandıracaqlar. Gürcüstanda yaşayan soydaşlarımız bu barədə daha çox düşünməlidir. Çoxlu sayda yeniyetmənin təhsilsiz qalmasının özü də bir cinayətdir. Bunu indi anlamırlar, amma bir müddət sonra hamı problemin fərqində olacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR